Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muzeyinin və muzeyə keçid körpüsünün təmiri ilə bağlı Mədəniyyət Nazirliyinə edilən müraciətə cavab ünvanlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, 31 oktyabr tarixində ünvanlanan müraciətə Mədəniyyət Nazirliyində aidiyyəti üzrə baxılıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən muzeyin binasına və ətraf əraziyə texniki baxış keçirilib. Baxış zamanı bina və ərazidə təmir və bərpa işlərinin yerinə yetirilməsi, səkilərin yenidən qurulması, piyada körpüsünün yenidən inşa edilməsi, Tıxlı çayının məcrasının təmizlənməsi, sahil bərkidilmə işlərinin aparılması və yerüstü suların idarə olunması üçün hazırlanacaq layihə sənədləri əsasında sözügedən işlərin yerinə yetirilməsinin zəruriliyi müəyyən edilib.
Mədəniyyət Nazirliyi tərəfindən M.Müşfiq Muzeyinin binasında və ətraf ərazidə təmir işlərinin aparılması üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verilib.
Qeyd edək ki, bu ilin yazında yağan yağışlardan sonra Mikayıl Müşfiqin Xızıda yerləşən xatirə muzeyi yararsız hala düşüb, sel muzeyə keçid körpünü uçurub.