5 min illik tarixin 100 illik xülasəsi - ROBOTLAR
23 aprel 2021 04:13 (UTC +04:00)

5 min illik tarixin 100 illik xülasəsi - ROBOTLAR

Bəli, söhbət xüsusi ilə oğlan uşaqlarının sevimli oyuncağı olmaqdan tutmuş başqa planetlərdən süxur nümunələri toplamağa, mətbəxdə soğan doğramaqdan tutmuş, ən mürəkkəb cərrahiyə əməliyyatlarında istifadəyə qədər, demək olar ki sonsuz sayda işlər görən mexaniki qurğulardan – robotlardan gedir.

Beynəlmiləl ifadə olan “Robot” sözünün etimologiyasına baxdıqda qarşımıza çox maraqlı bir tarixçə çıxır. Belə ki, düz yüz il bundan əvvəl çex yazıçısı Yozef Karel Çapek tərəfindən (1920-ci ildə) qələmə alınan R.U.R. & “Rossumun Universal Robotları” adlı elm-fantastik teatr əsərində ilk dəfə işlədilən sözün mənşəyi Çex dilindəki məcburi xidmət, biyar, kölə əməyi mənalarını verən "robota" sözüdür. Qədim Slav dildən keçən "robota" sözü “xidmət edən” (rusca iş), Hind-Avropa dillərində “*orbh”, almanca “Arbeiter” formasında işlədilir[1].

1921-ci il yanvar ayının 25-də premyerası baş tutan[2] əsərdəki “robot” kəlməsini ilk dəfə müəllifin qardaşı rəssam və yazıçı Josef Çapek təklif etdiyini, özünün “Labor” sözünü istifadə etmək istədiyini amma sonradan imtina etdiyini qeyd etmişdir. Josef Çapek həmçinin əsər üçün afişa da dizayn edərək robotların necə göründüyü göstərmişdir(şəkil 1). R.U.R. dərc edildikdən və tamaşaya qoyulduqdan sonra çox sürətlə məşhurlaşmış, 1923-cü ildə otuz dillə tərcümə edilmişdir.2 Əsər 1927-ci ildə Xalid Fəxri tərəfindən "Ümumbəşəri süni adamlar fabriki" adı ilə ixtisarla Osmanlı Türkcəsinə tərcümə edilmiş, İstanbul Dövlət Mətbəəsi tərəfindən çap edilmişdir. 3 pərdə və 1 müqəddimədən (ön tamaşa) ibarət olan bu tamaşaya tərcüməçi "müharriri və mövzusu" başlığı altında iki səhifəlik ön söz də əlavə etmişdir[3]. Tamaşada hadisələr Rossumun Universal robotlar fabrikində başlayır.

1] https://www.etimolojiturkce.com/kelime/robot

[2] https://en.wikipedia.org/wiki/R.U.R.

[3]https://www.dunyabizim.com/kitap/100-yil-once-robotlara-ve-insanligin-sonuna-dair-yazilan-bir-eser-h29539.html

 

Rossumun Universal Robotları əsərində təsvir edilən ilk robot

Əvvəllər insanlara xidmət etməkdən çox məmnun olan biomexaniki robotlar onlara insan kimi düşünmə və hiss etmə qabiliyyəti verildikdən sonra nəzarətdən çıxır və R.U.R.-un baş mühəndisi Alquistdən başqa bütün insanları öldürür.

Yazıçı təxəyyülünün məhsulu olan “robot” kəlməsi əsərin özü kimi sürətlə məşhurlaşmış və o vaxta kimi bu anlayışı ifadə etmək üçün istifadə edilən “avtomat” və “android” kəlmələrini əvəz etməyə başlamışdır. Fransız və qədim yunan dillərindən tərcümədə “avtomat”(automate) “öz iradəsi ilə hərəkət edən varlıq və ya bunu təqlid edən makina” mənasını verir. Bu gün mobil telefonlar üçün istifadə edilən məşhur əməliyyat sistemlərindən birinin də adı olan “Android” kəlməsi isə ingilis və qədim yunan dillərində “insana bənzər, insan formasında” mənalarını verir. Bəlkə də kölə, işçi, qul mənalarını verən “robot” sözünün insanlar tərəfindən daha çox istifadə edilməsinin əsas səbəbi də budur. İnsanlar robotları onlara xidmət etsin, onların əmrlərini yerinə yetirsin deyə icad edir və quraşdırır və bu proses belə davam etdikcə də onlardan qorxmur, əksinə günü-gündən istifadə səviyyəsini artırırlar. Ta ki, robotlar düşünənə və hiss edənə qədər... Robot kəlməsinin yarandığı teatr əsərində və ondan sonra çəkilən bir çox filmlərdə robotların dünyanı ələ keçirəcəyinə dair qorxu mövzusu işlənir...

Məqalənin adında da qeyd etdiyimiz kimi 1920-ci ildən sonra baş verənlər əslində bəşəriyyətin robotlarla bağlı min illərlə davam edən macərasında qısa bir dövrdür. Elmə məlum olan ilk robot e.ə. 4-cü əsrdə antik Yunanıstanda yaşamış filosof, riyaziyyatçı və siyasətçi Tarentli Arxitas tərəfindən hazırlanmış buxarla çalışan taxta bir quşdur. Lakin, bu tarixdən əvvəllər də robotların olduğuna dair yazılı mətnlər mövcuddur. Bu yazılardan ən qədimi Çində Lie Zi yazılı sənədində, Yan Shi adlı bir ixtiraçısının e.ə. 1000-ci ildə, insan ölçüsündə və görünüşündə robot hazırlayaraq imperatora təqdim etdiyi barəsində məlumat verilir. Bir az da qədimə getdikdə antik Misir və Yunanıstanda bizim eradan 3000 il əvvəllərə qədər tarixi olan avtomatik su saatlarının olduğunu görürük. İstər qədim miflərdən, istər Homerin İliadası kimi əsərlər təsvir edilən robotlar insanlara sədaqətlə xidmət edir. Onu da qeyd etmək yerinə düşər ki, avtomatlaşdırma ilə bağlı öz dövrü üçün inqilabı əsərlərin müəllifi 12-ci əsrdə bu günkü Türkiyə ərazisində (Şırnak rayonu) yaşamış Əl-Cəzari bir çox icadlarının həm sxemlərini çəkmiş, həm də işləmə prinsipləri haqqında məlumat vermiş, həm də düzəltmişdir.

Bizim verdiyimiz əmrləri icra edən robotların “düşünən” və öz “iradəsi” olan varlıqlara çevrilməyinin əsası isə “Süni zəka” anlayışının yaranmağı ilə qoyulmuşdur. “Süni zəka” Amerikanın Dartmouth şəhərində təşkil edilən və bir qrup yüksək səviyyəli alimin toplaşdığı konfransın tarixi olan 1956-cı ildə anadan olmuşdur. Bu konfransda J. Mc Carthy, M. Minsky, C. Shannon, A. Newell və H. Simon zəka ilə təchiz edilmiş kompüter proqramlarını həyata keçirilmə ehtimalını araşdırmağı təklif etmişlər. Bu vəsilə ilə ortaya qoyulan “Artificial Intelligence” termini istifadə edilməyə başlamışdır(7). Beləliklə daima qorxduğumuz və bir çox filmlərdə işlənilən robotların sözləşərək dünyanı ələ keçirməsi, insanları öz məqsədləri üçün istifadə etməsi üçün münbit zəmin yaranır. Özünü bütün canlılardan üstün sanan, kainatın onun yaşamağı üçün mövcud olduğuna inanan insanın bu özünə inamının arxasında yatan əsas qabiliyyət – düşünə bilmək və düşünə bildiyini bilmək – yavaş-yavaş öz əli ilə yaratdığı süni bir varlığa da ötürüldükdən sonra nələr baş verəcəyi isə ən böyük müəmmalardan biridir. Təbiət etibarı ilə bəlkə də ən zəif canlı olan (doğulduqdan sonra uzun müddət qayğıya ehtiyac duyan) bizlər yeriməyə və danışmağa başladıqdan sonra özümüzü dünyanın əfəndisi hesab edərək düşüncəsiz şəkildə və özümüzə uyğun gördüyümüz “rasional insan”a yaraşmayan şəkildə kor-koranə istehlak edən cəmiyyətin fərdinə çevrilirik. Bütün dünyanın 120 nanometr ölçüdə virusun əsirinə çevrilib evindən çölə çıxa bilmədiyi bu günlərdə bəlkə də bir çox şeyləri yenidən düşünməyin vaxtıdır./"facemark"

Mənbə:

  1. http://robotoved.ru/top-10-soviet-robots/
  2. https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B1%D0%BE%D1%82_(%D0%B7%D0%BD%D0%B0%D1%87%D0%B5%D0%BD%D0%B8%D1%8F)
  3. https://robotsinfilm.com/category/robots-in-movies/page/15/
  4. https://docplayer.biz.tr/2368830-Robotlarin-tarihcesi.html
  5. https://tr.wikipedia.org/wiki/El-Cezeri
  6. http://www.uralakbulut.com.tr/wp-content/uploads/2014/05/ROBOTLAR-3000-YILLIK-HAYAL%C4%B0N-%C3%9CR%C3%9CNLER%C4%B0-7MAYIS-2014.pdf
  7. https://web.itu.edu.tr/~sonmez/lisans/ai/yapay_zeka_icerik1_1.6.pdf
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2703
avatar

Oxşar yazılar