Məlik Dadaşov və Həsən Məmmədovun çəkildiyi gizli sovet filmi - TARİX
05 oktyabr 2022 20:15 (UTC +04:00)

Məlik Dadaşov və Həsən Məmmədovun çəkildiyi gizli sovet filmi - TARİX

Siyasi mübarizədə qanunsuz metodlardan istifadə olunması sirr deyil. Adətən, gizli saxlanılan bu cür metodların bir qismi təsadüf nəticəsində üzə çıxırdı. Bu hadisələr kinoda siyasi detektiv janrının yaranmasına səbəb oldu. 

Sovet kinematoqrafiyası da dövrünün bu trendindən geri qalmayaraq 1980-ci illərin ikinci yarısında bu janrda filmlərə yer verdi.

Lent.az Sovet İttifaqında çəkilmiş azsaylı siyasi detektiv janrında filmlərdən biri, 1986-cı ildə rejissor Yuri Maruxin tərəfindən ekranlaşdırılan “Müsahibə alan adam” filmi barədə danışacaq.  

Filmin Azərbaycan oxucusu üçün diqqətçəkən tərəfi bu filmdə “Azərbaycanfilm” kinostudiyasının bir qrup aktyorunun da çəkilməsi ilə bağlıdır. Filmdə mərhum Xalq artistləri Həsən Məmmədov, Məlik Dadaşov, aktyorlar Zili Namazov və İdris Rüstəmov rol alıb.  

“Müsahibə alan adam” filminin bəstəkarı da Azərbaycanın Xalq artisti, bəstəkar və məşhur bəstəkarımız Qara Qarayevin oğlu Fərəc Qarayevdir.  

Filmin ssenarisinə gəldikdə, “Müsahibə alan adam” filmi Sovet ordusunun Əfqanıstana hərbi müdaxiləsi fonunda baş verənlərdən bəhs edir. Baş qəhrəman sovet jurnalisti Aleksey Rusanov (Aristarx Livanov) əsir götürülmüş əfqan mücahidlərindən müsahibə alır. Bundan sonra, yerli sovetyönümlü hökumətin təqdim etdiyi silahlı müşayiətçilərin köməyi ilə unikal məbəd kompleksini ziyarət edib.

Filmdə qədim əfqan ustalarının yaratdığı tarixi obyektlərin, muzey eksponatları və arxeoloji qazıntıların darmadağın edilərək Pakistanda Sovet Ordusuna qarşı mücahidlər hazırlayan amerikalı və ingilis hərbi məsləhətçilərə satıldığına işarə olunur.

Geri dönərkən Rusanov və onu müşayiət edən şəxslər Pakistandan olan köçəri tayfalarla rastlaşırlar.

Mövsümlə əlaqədar bölgəyə tez-tez gələn tayfalar bu dəfə insanları kütləvi şəkildə qıran epidemiyadan qaçış üçün Əfqanıstana gəldiklərini bildirir.

Rusanov tayfa nümayəndələrindən birinin əlində ağcaqanadın dişləməsindən yaranan iltihabla rastlaşır.

Bundan sonra, süjet xəttindən qəribə bir şəkildə Pakistanla bağlı xatırlatmalar itir və onun yerini müsəlmanların yaşadığı Sindibad adlı dövlət əvəzləyir.

Tezliklə, sovet jurnalisti Sindibad dövlətinin mediasında epidemiyanın süni mənşəyə malik olması barədə məqalə oxuyur. Qəribə bir şəkildə o bu hadisə ilə Kubada bir neçə il əvvəl donuzların kütləvi qırılmasına səbəb olan və ağcaqanadlar vasitəsilə yayılan epidemiya barədə birbaşa əlaqə qurur.

Jurnalist epidemiya barədə daha çox məlumat toplamaq üçün qonşu Sindibad ölkəsinə gedir. Amma bu zaman yerli xüsusi xidmət orqanları və yeni xəstəliyin yaradılması işlərini maliyyələşdirən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri jurnalist barədə artıq məlumatlı olur və onu məhv etməyə çalışırlar.

Çətinliklərə rəğmən, baş qəhrəman epidemiyanın mənbəyi olan və genetik kodları dəyişdirilmiş ağcaqanadların hazırlandığı laboratoriyaya daxil olur.

Amma elmi ekspertin başında duran amerikalı professor Neli (Andrey Myaqkov) ağcaqanadların zərərsiz olduğunu və əksinə, müxtəlif xəstəliklərin daşıyıcısı olan klassik ağcaqanadların əvəzlənməsi üçün elmi eksperiment apardıqlarını deyir. Təbii ki, professorun dedikləri yalan olur və baş qəhrəman laboratoriyada amerikalıların və Sindibad kəşfiyyatının birgə bakterioloji silah hazırladığını aşkar edir.

Filmin baş mənfi obrazı bu siyasi-bakterioloji oyunların başında duran sindibadlı kəşfiyyat rəisi Hamiz xan (Məlik Dadaşov) olur. Filmin əsas uğuru da məhz oynadığı hər rolda orqanik görünən və mənfi obrazları ustalıqla oynayan Azərbaycanın Xalq artisti Məlik Dadaşovun ifası ilə bağlıdır.

Filmdə digər azərbaycanlı aktyorlardan Həsən Məmmədov baş qəhrəmanın Əfqanıstanda görüşdüyü jurnalist Əl-Mirzam obrazını, İdris Rüstəmov isə pulgir əfqan alimi obrazını canlandırır.

Film “Soyuq Müharibə”nin hələ başa çatmadığı dövrdə çəkilib. Buna görə də o illərdə Hollivud filmlərində dünyanı ələ keçirməyə çalışan zalım sovet “KQB” agentlərinə qarşılıq sovet kinematoqrofçuları öz filmlərində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini əsas mənfi qüvvə kimi hədəfə alıb.

İdeoloji klişeləri və süjet xəttindəki bəzi uyğunsuzluqları da nəzərə almaqla, “Müsahibə alan adam” filminin öz dövrü üçün baxımlı olsa da, müasir oxucu üçün vizual və texniki baxımdan köhnəldiyini, bəzi hallarda isə komik təsir bağışladığını qeyd etmək olar.

Filmin əsas üstünlükləri Əfqanıstan və Pakistanda aparılan natura çəkilişləri, Məlik Dadaşovun və Andrey Myaqkovun yaratdığı koloritli mənfi obrazlar və saspens, həyəcan dolu səhnələrdə yerinə düşən musiqi müşayiətidir. 

Həmin filmi təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15456
avatar

Vüqar İsmayılov

Oxşar yazılar