...Burda qonağı “can” deyib qarşılayırlar. Sözlərinin əvvəli də “can”dı, sonu da.
Evlərinə dəvət edib iki dəqiqənin içində süfrəni doldura da bilirlər. Xərəy, tskan əskik olmaz heç bir evdən.
Bura cənnətin bir addımlığıdır. Bəlkə də buranın adı Həzrə, Sudur, Qənərçay, Yerği Kek olmasaydı “Cənətməkan” deyib də adlandırardın.
Buranın təbiətinin gözəlliyini sözlə ifadə etmək mümkün deyil. Bu təbiəti, hə, məhz bu gözəlliyə görə, bu yerləri, Azərbaycan turizminin Məkkəsinə çevirmək mümkündü.
Bura təkcə göz qamaşdıran vəhşi təbiət, uca və keçilməz dağlar, meşələr, iti axan çaylar demək deyil. Bura, həm də tarixdi.
Qusar şəhərindən çox yox, 30 kilometr aralıdadı Həzrə kəndi. Bu kənddə Şah İsmayılın babası Şeyx Cüneydin məqbərəsi var. Tarixdən də məlumdu ki, Qızılbaş tayfalarına arxalanan Şeyx Cüneyd Dağıstana hərbi yürüşlər təşkil edirdi 15-ci əsrin ortalarında. 1460-cı ildə Samur çayı sahilində, bu kəndin yerində Şirvanşah I Xəlilullahın qoşunları onu məğlub etdi, Şeyx öldürüldü. Müridləri Şeyx Cüneydi orada dəfn etdilər.
Səfəvilər hakimiyyətə gəldikdən sonra 1544-cü ildə Şeyx Cüneydin qəbri üstündə məscid tikdirmişdilər. Sonralar Səfəvi I Təhmasibin orada saldığı kənd də Həzrə adlandırılmışdı.
Ümumiyyətlə, olduqca unikal olan bu kənd, onun bir neçə qəbiristanlığı – hətta Sevgililər qəbiristanlığı belə – bu barədə növbəti yazılarımızda söhbət açacağıq. Əslində, Samur çayının sahilində, Dağıstanın bir addımlığında yerləşən Həzrə də göz oxşayır, möhtəşəm təbiəti var. Amma üzü Şahdağı tərəf irəlilədikcə elə bir yerlərə, yaşayış məntəqələrinə gedib çıxırsan ki…
Qənərçay, Sudur, Yergi Kek, Zuhul, Düztahir… Bu yerlərə sanki Allah kefinin kök vaxtında sığal çəkib. Rayon mərkəzindən 70 km aralı, dəniz səviyyəsindən 2 min metrə yaxın yüksəklikdə yerləşir Sudur. Yerği Kek və Qənərçay da məhz Sudura bağlıdır. Hər üç kənd sözün həqiqi mənasında macəra axtaranlar üçün birmənalı şəkildə əsrarəngiz yerdir.
Azərbaycanın ən ucqar kəndlərindəndir Yerği Kek. Təsəvvür edin, Qusarın mərkəzindən bura bir neçə saata birtəhər özünü çatdıra bilərsən.
Həmsöhbətimiz Tural Allahverdiyev deyir ki, təxminən 15 nəfərin yaşadığı bu kəndə qış aylarında gedib gəlmək çətin olur. Qarlı havalar kəndə giriş-çıxışı çətinləşdirir. Yollar noyabr-dekabr ayından bağlanır, bir də may ayında açılır. Buna görə də kənd camaatı qış tədarükünü payızdan edir.
Qusarın Qənərçay kəndi
- Gedir şəhərə ərzağını alıb, gətirib yığır evinə. (Gülür) Hə, düz tapdınız 5-6 aylıq ərzağı yığır evə, payız, qış boyu yeyir. Başqa əlac da yoxdu axı. Qışda bu kəndlərə “Qaz-66” belə gedib çıxmır. Xəstələnəndə? Çalışırıq ki, xəstələnməyək. (Yenə gülür)
Tural deyir ki, həm Yerği Kek, həm də qonşu kəndlərin camaatı təsərrüfatla məşğul olur. Kartof, kələm əkir, mal-qara saxlayır. Bir sözlə, dolanışıq bunlardan çıxır.
Amma... Hə, çox maraqlı məqama toxunur Tural. Deyir ki, yayda turistlər bura çox gəlir. Elə əslən bu kəndən olanlar da may ayından sonra kəndə qayıdırlar.
Qusarın Qənərçay kənd sakini Tural Allahverdiyev
- Turistlərin diqqətini bu kəndin gözəl mənzərəsi, təmiz havası çəkir. Daha çox yaz-yay aylarında buralara üz tuturlar. Qışda çox az hallarda bura turistlər gəlir. Buna da səbəb kəndə girişin çətin olmasıdır.
Buranın dağı-dərəsi, şəlalələri, geniş yaylaqları, meşələri, tarixi abidələri görənləri valeh edir. Bir də ləzgi mətbəxi. Xüsusən də xərəy və tskan. Ləzgi mətbəxinin ən məşhur yeməyidir, tskan. Xəmirdən hazırlanır, bir növ qutabı xatırladır. Tskanın içərisinə tərəvəz, ət və ya pendir də qatıla bilər.
Ləzgi mətbəxinin ən məşhur yeməyi, tskan
Xərəy isə bir ayrı daddır, bir ayrı aləmdi. Bu çörəyi az qala bir ay saxlamaq mümkündü. Xərəy təndirində bişdiyindən, çörəyin adı da belə adlanır. Hə, bir də afar. Yaz vaxtı dadından doymaq olmur tərəvəzdən hazırlanan afarın. Hər bir evdə isə əziz qonağı mütləq bu nemətlərdən dadmaması, mümkünsüz. “Can” deyib də inciyə bilərlər. Keçmişi xatırladır həm də buralar. Sanki bir əsr əvvələ gedib çıxmısan zaman maşınıyla.
At və eşşək ən etibarlı nəqliyyat vasitəsidir bu yerlərdə. Şəkildə gördüyünüz velosipedli bu uşağa o qədər də fikir verməyin. Onun velosiped sürəcəyi yer elə qapılarının ağzıdır. Qışda həyat donur buralarda. Elə çay da, şəlalə də. Tural kəndin qış həyatından çəkdiyi fotoları göstərir telefonunda. Sanki Sibirin hansısa əngənliyindəsən.
***
Həzrədəyik. Burdan Kirikə, oradan isə Ləcətə gedəcəyik. Onunla görüşməliyik, mütləq görüşməliyik. Amma bizi nə gözlədiyini də bilmirik. Ümumiyyətlə, bizi orda gözləyən varmı? Heç kim bizi o evə, onun evinə aparmaq istəmir. Hamı çəkinir, hamı ehtiyat edir. Sanki qəbahət bir iş tuturmuş kimi.
Biz onu uçulub dağılmaqda olan bir evdə tapırıq. Pəncərədən baxıb gülümsəyirdi. Dupduru gözləriylə...
Ardını Lent.az-da oxuyacaqsınız. Qandonduran, film kimi, bir əsr ömrə sığa biləcək bir HƏYAT HEKAYƏSİ.
Lamiyə Məmmədova
Səbuhi Məmmədli
Qusar