YATAQXANA UÇA BİLƏR:  85 ailənin taleyi... - VİDEO
13 noyabr 2021 14:21 (UTC +04:00)

YATAQXANA UÇA BİLƏR: 85 ailənin taleyi... - VİDEO

Bu bərbad vəziyyət Sumqayıt şəhərində yerləşən 1 saylı yataqxanada yaşanır. Hətta bina sakinlərindən biri buradan keçərkən başına beton qırıntısı düşüb və o xəsarət alıb.

Söhbət şəhərin 29-cu məhəlləsində yerləşən 1 saylı yataqxanadan gedir. Yataqxana 1950-ci ildə inşa olunub və Alüminium zavodun balansında olub. Burada vaxtilə həmin zavodda çalışan işçilər yaşayıb. Hazırda isə yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. 85 ailənin yaşadığı 1 saylı yataqxanada acınacaqlı vəziyyət hökm sürür. Sakinlər deyirlər ki, binada yaşamaq olduqca təhlükəlidir. Hətta çökmə təhlükəsi belə var.

Yataqxanada qalan Musa Cəfərov deyir ki, gözü görmür, gedəndə ora adamın başına daş tökülür: “Gərək burada birimiz ölək ondan sonra yaxşı ola? Onda kim cavab verəcək?”

Sevda Ağayevanın sözlərinə görə, icra hakimiyyətinə müraciət etsələr də, şikayətlərinə baxan yoxdur: “Biz gedirik icraya, icra göndərir Bakıya, Bakıda göndərir bura. Qalmışıq ortalıqda. Bina tökülüb gedir, çox bərbad vəziyyətdədir. Bizim yaşamağımız çətindir. Özüm də xəstəyəm. Burda çoxusu 57-60 yaşında olan insanlardır. Körpəmiz var, balacamız var. Divarlarımızın hamisi uçulub gedir. Çöl hissədir, içəri hissədir, hamısı bərbad vəziyyətdədir”.

Bina sakinlərinin döymədiyi qapı qalmayıb. Amma hələ də problem öz həllini tapmayıb.

Solmaz Babayeva deyir ki, bina əvvəl yaxşı idi, sonradan isə təməli uçmağa başladı: “Əvvəli yaxşı idi. Sonra get-gedə özülü, daşlar tökülməyə başladı. Harada müraciət edirik, baxanımız yoxdur. Bakı göndərir Sumqayıta, Sumqayıt göndərir Bakıya. Qalmışıq iki yol arasında. Hər dəfə də get-gəl. Vallah özümüz utanırıq. Axı buna bir əlac etməlidirlər də. Belə olmaz axı”.

Osman Mahmudov da yaranan acınacaqlı vəziyyətdən şikayətçidir: “Aidiyyəti qurumlarda hara müraciət edirik, gedirik deyirik deyirlər yaxşı. Düzələndir, amma gəlib çıxan yoxdur. Müraciət etməyimiz 5 ildir. Amma sırf 3 ildir bina uçur. İki ildə getmədiyim, döymədiyim qapı qalmayıb. Cavabları deyiblər düzələcək, yaxşı deyiblər tələsməyin”.

Maraqlıdır görəsən Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri binanın taleyi ilə bağlı nə düşünür? Sualımıza cavab tapmaq üçün üz tutduq icra hakimiyyətinə. Binaın balansında olduğu Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən APA TV-yə bildirildi ki, Fövqəladə Hallar Nazirliyi binaya baxış keçirib və müvafiq qərar aidiyyəti qurumlara göndərilib. Yaxın vaxtlarda binanın taleyi ilə bağlı yekun qərar veriləcək.

Görünür sakinlər yenə də gözləmək məcburiyyətindədir. Ümid edək ki, binanın taleyi ilə bağlı qərar verilənədək burda hansısa bədbəxt hadisə baş verməz.

# 1902
avatar

Oxşar yazılar