Sosial şəbəkələrdə pasiyentlərin xəstəxanalara qəbul edilməməsi ilə bağlı xəbərlər gündəmi ələ alıb. Paylaşımlarda qeyd olunur ki, xəstələr tibb müəssisələrində çarpayı olmaması səbəbiylə geri göndərilir.
Məsələ ilə bağlı TƏBİB Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun tabeliyində olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, həmçinin tibb kadrlarından daha səmərəli istifadə edilməsi, tibb müəssisələrinin infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə bir sıra tibb müəssisələrində çarpayı fondunun idarə olunması üzrə nəzarət modulu yaradılıb. TƏBİB-in aidiyyəti struktur bölmələri və tibb müəssisələrinin rəhbərləri həmin modula giriş imkanına malikdirlər.
Açıqlamada qeyd olunub ki, xəstəxanalarda çarpayı sayı (stasionar, intensiv terapiya) tibb müəssisəsinin mövcud infrastrukturu, kadr potensialı, ixtisaslaşması normativ hüquqi aktlara əsasən tənzimlənir:
“Pasiyentlərin sağlamlıq durumları tibb personalı tərəfindən dəyərləndirdikdən sonra zərurət üzrə onların müvafiq şöbələrə yerləşdirilməsi təmin olunur.
Son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir”.
"Çarpayıların doluluq səviyyəsi hər gün dəyişir. Bəzən boş çarpayı olmadığı üçün müraciət etmiş vətəndaşların TƏBİB tabeli başqa tibb müəssisələrinə yerləşdirilməsi mümkün olmur.
Artım dinamikasını nəzərə alaraq yeni intensiv terapiya şöbələrinin yaradılması nəzərdən keçirilir”, - deyə əlavə edilib.