Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə önünə əklil qoyduqdan sonra, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.
Sonra müdafiə naziri Azərbaycan-Sloveniya Dostluq cəmiyyətinin, Sloveniya ictimaiyyətinin nümayəndələri, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları və yerli sakinlər ilə görüşüb.