Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Həsən Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Həsən Məcidov ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmədiyini və özünü müdafiə etdiyini bildirib.
Növbəti proses 4 avqust saat 16:30-a təyin edilib.
Xatırladaq ki, hadisə 2026-cı ilin yanvarın 1-i gecə 2 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke Bar” gecə klubunun qarşısında qeydə alınıb. 36 yaşlı Həsən Məcidovla 32 yaşlı Emil Rəcəbli arasında klubda mübahisə yaranıb. Daha sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan E. Rəcəblinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.