Yusif Səfərov küçəsinin bir hissəsi yenidənqurmadan sonra sürücülərin istifadəsinə verilib.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, söhbət küçənin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospektinə qədər olan 1.2 km-lik hissəsindən gedir.
Küçədə aparılan yenidənqurma çərçivəsində genişləndirmə işləri aparılıb. Mövcud yol ayrıcının eninin kiçildilməsi nəticəsində yol 5 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib.
Bundan başqa küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtük döşənib. Asfaltlanma işləri təqribən 34 min m2 sahəni əhatə edib.
Asfaltlanma işləri bitdikdən sonra yolcizgi və yolgöstərici xətlər çəkilib, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bundan başqa küçə boyu ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun sağ hissəsində xüsusi hərəkət zolağı ayrılaraq müvafiq nişanlama xətləri və nişanlarla təmin edilib.
Qeyd edək ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin 28 may küçəsi ilə kəsişməsindən Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsinədək olan hissəsində hər iki istiqamət üzrə yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb.
Belə ki, yenidənqurma işləri çərçivəsində küçənin sözügedən hissəsində yol ayrıcında söküntü işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 5 hərəkət zolağına qədər genişləndirilib.
Bundan başqa Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədə olan geri dönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 may küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geri dönmə hissə yaradılıb.