Atamın mənə çox öyüdləri olub. Çoxu yadımdan çıxsa da, başıma hər hansı bir hadisə gələndə atamın öyüdü ondan qabaq gəlir. Dəqiq bilirəm ki, atamın yadımdan çıxan və çıxmayan öyüdlərinin yanında onunla bağlı hökmən bir hadisə var. Çünki atam həyatı beş barmağı kimi əzbər bilirdi.
Atamın öyüdlərindən biri bu idi ki, əgər sən maşınla yol gedəsən, özün də tək olasan, yolda bir qadın ola, qucağında da uşaq ola, o da sənə əl qaldıra və deyə, məni də götür, şəhərə gedirəm, nəbadə götürəsən. Çünki o cür qadını xuliqan kişilər qabağa verir, özü də kol-kosda pusquda gizlənir, maşın dayanan kimi pusqudan çıxır, sürücünün boğazına bıçağı dirəyib öldürürlər. Maşını da götürüb aradan çıxırlar.
Atam elə danışırdı ki, elə bil, yüz faiz bu hadisə onun başına gəlib.
Bu günlərdə Gədəbəydən Gəncəyə gəlirdim, özüm də maşında tək. Dolamaların birində qucağında uşaq olan bir qadın mənə əl qaldırdı. Qeyri-ixtiyari maşını saxladım. O saat atamın öyüdü düşdü yadıma. Ətrafa baxdım, kol-kos yoxuydu, hər tərəf açıqlıq, uzaqda iri qayalar varıydı, xeyli baxdım. Düşündüm ki, kişilər ordan gəlincə, mən maşını yerindən quş kimi tərpədərəm.
Atamın öyüdünə bir bənd də əlavə elədim, birdən kişilər yox, elə qadın özü bıçağı çıxardıb dirədi boğazıma, mən nə edərəm onda (arxasını da belə quraşdırdım), yol polisi gözün açınca, qalar iki buynuzum. Yox bu, ola bilməzdi, qadının qucağında uşaq varıydı.
Qadının qucağında uşaq yox eyy, bir qucaq təbəssüm varıydı, uşaq mənə baxıb gülümsünürdü. Qadına ilk sözüm bu oldu:
- O uşaq nəyindi?
- Nəvəm.
Dəli olmadımmı? Özümün də altı nəvəm var. Daha mən nə kişiyəm ki, yolda qalan bir qadına kömək edə bilməyəm? O saat atamın öyüdünü hadisəsi ilə birlikdə başımdan birdəfəlik çıxardım.
Düşüb qapını özüm açdım. Şair olasan, bir qadına kömək eləməyəsən, daha nəyə lazımdı sənin o kif iyi verən şeirlərin? - deyə düşündüm. Torpağımızın 20 faizi işğal altındadı. Tay –tuşlarım gedib şəhid olub, mən burda bir el qızını atamın öyüdünə görə niyə yolda qoyum? Bəlkə, o vaxt erməni qızları o cür hərəkətlər ediblər, bu qadın ki, öz millətimdir. Bəlkə, elə işğal olunmuş rayonlarımızın birindədir, lap elə Qarabağdandır. Gündə Qarabağa şeir yazıram. Necə ola bilər ki, mən bu qadını yolda qoyum?! Özü də sərt bir yoxuşda. Qucağında uşaq. Hələ çiynində bağlama. Ayağında qaloş. Uşağın qucağında yarım litrlik yarımçıq su. Ayağında potu.
Uşaq arada - bir sudan qurtum-qurtum içir.
Amma deyəsən atamın öyüdündən bir–iki hərf ilişib qalıb başımda. Tez-tez güzgüdən arxaya baxıram. Arada bir əlimi uzadıb uşağın çənəsinə çırtma vururam. Əslində bu, qadının əlində bıçaq olub–olmadığını yoxlamaqdı. Qadının əllərində ancaq bıçaq ağzı kimi görünən iri qırışlar var.
Uşaq artıq qadının qucağında düşüb, maşının oturacağında potu ilə o yan bu yana tullanır. Vecimə deyil. Qoy sevinsin uşaq. O qədər uşaq şeirim var. Biri də elə bu, olsun.
Gəncənin Daşkəsən rayonu tərəfdəki girişində bezindoldurma məntəqəsi var. Üzü dağlara tərəfdi. Həmişə burda benzini kəm vururlar, dağa gedənləri aldadırlar. Əlacım nədir?! Gərək benzin götürüm.
Məndə də belə bir xasiyyət var; yolu pulla ölçürəm, daha benzinlə yox. Məsələn, Bakıdan Gəncəyə 20 manatlıq benzinlə gedirəm. Gəncədən Xoşbulağa 7 manatlıq benzin eləyir. Kəsəsi mənim ölçüm budur. Litr–zad bilmərəm nədir?
Operatora “10 manatlıq benzin vur” deyirəm - pulu da uzadıram.
Kişi benzini vurub qurtardıqdan sonra deyir:
- Qardaş 5 manat da ver, çaşdım 15 manatlıq vurdum.
- O qədər kəm vurmusunuz ki, indi Allah əvəzini çıxır - deyirəm.
Və maşını tərpədirəm.
Qadın Gəncədə düşür. Düz 10 dəfə “sağ ol” deyir. Mən də 10 dəfə “ sən sağ ol” deyib qaytarıram və gedirəm.
Düşünürəm ki, görəsən operotar niyə çaşdı?
Qəlbimə isti bir duyğu gəlir. Onu Allah elədi. Kiçik bir yaxşılıq elədim, Allah min dəfə əvəzini verdi.