Mintac Elsevər
Rafiq Həşimovun doğum gününə…
Dostum!..
Yaddaşın necədi 50-də? Xatirələrin bilər, sən bilərsən yəqin. Amma əminəm. Elə suallarım var ki, onlara eynən mənim kimi cavab verəcəyini bilirəm. Desəm ki, bu 50 ildə əlli dəfə xoşbəxt olmusanmı? O nədirsə, yəqin sənin qədər deyəcəksən. Əgər soruşsam ki, əlli ildə neçə dəfə xəstələnmisən? Fikirləşib hətta bunun da neçə dəfəsini deyə biləcəksən. Desəm ki, sevdiklərinmi çox oldu bu əlli ildə yoxsa nifrət etdiklərin? İlıq təbəsümünlə yalnız sevdiklərini xatırlayacaqsan. Axı deyirlər sevgi hər şeydən güclüdü… Desəm ki, əllində belə saçların çox gözəldi,deyəcəksən ki, saçlarımı tanrı darayıb. Desəm ki, gözlərindəki dərin kədər nədi? Deyəcəksən ki, cümlə-bəşər anlamsız kədərdən çatlayır. Ədalətin lal sükutu, yaxşılığın qürubu çöküb adamların içinə. Ruhumuzmu kasıblayıb ya cismimizmi agir xəstədi bilmirəm desəm. Deyəcəksən ki, adamın ruhu inlədikcə bədəni də qışqırır. Hər səninlə üz-üzə gələndə nəsə gözəl nəsnələrdən danışacam deyirəm. Amma sənə sarilar-sarilmaz ölən ümidlərimizi, içimizdə qıvrılan qürurumuzun ağrısını hiss edirəm. Yəni səninlə onsuz da ömrü qısa olan seadetlerden danışmaq ruhuma yatmır, dostum! Amma bilirəm ki, soracağım bircə suala nə sən nə də mən cavab verə bilməyəcəyik. Dəyərdimi beləcə yaşadığımız kimi yaşamağa? Lovğalıq kimi səslənməsin, lap elə qoy səslənsin, axı biz heç də pis adamlar deyilik… Amma mən yaxşı ki, bircə şeydən əminəm və həmişə də əmin olacam: ömrümdə-günümdə, yaşımın 41-nə belə çatsam da hələ məni hara sürüklədiyini bilmədiyim tale yolumda Sən adlı dostumun varlığından xoşbəxtəm! Həmişə varım ol, yaxşı ol, belə ol. Mən səni beləcə çox istəyirəm. Doğulmana sevinirəm!..