UNEC-in professor-müəllim heyəti Azərbaycanın 200-dən çox məktəbinə səfər edib. Lent.az xəbər verir ki, yuxarı sinif şagirdlərinə UNEC barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaq məqsədilə keçirilən görüşlər Bakı, Göyçay, İsmayıllı, Quba, Şabran, Zaqatala, Siyəzən, Qəbələ, Şəki, Ağdaş və Mingəçevirin qabaqcıl məktəblərində keçirilib.
Professor müəllim heyəti yuxarı sinif şagirdlərinə regionun ən böyük iqtisadyönümlü və Azərbaycanın 4 dildə təhsil verən yeganə ali təhsil müəssisəsi olan UNEC barədə ətraflı məlumat verib. Bildirilib ki, UNEC-ə qəbul DİM-in təşkil etdiyi test imtahanları ilə yanaşı, beynəlxalq SAT proqramı vasitəsilə də həyata keçirilir. Abituriyentlərin diqqətinə çatdırılıb ki, son iki ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayanlar məhz UNEC-i seçib.
Görüşlərdə UNEC-də tətbiq edilən yeniliklər də səsləndirlib. Qeyd edilib ki, 600-dən yüksək bal toplayaraq UNEC-ə qəbul olan tələbələrə bir semestr boyunca xüsusi təqaüd verilir. Bundan başqa, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir. UNEC Avropanın ən nüfuzlu iqtisadyönümlü ali məktəbi olan London Universiteti/London İqtisad Məktəbi və Fransanın Montpelye Universiteti ilə ikili diplom proqramı həyata keçirir. UNEC-in tələbəyə verdiyi üstünlüklərdən biri də UDİD proqramı ilə 4 ilə 2 ixtisasa sahib olmaqdır.
Məktəblilərə abituriyentlər arasında çox populyar olan “UNEC-də bir gün” layihəsi barədə də məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində bu tədris ilində Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran, Quba, Şirvan, Zaqatala və Xaçmazla birlikdə 60-dan çox məktəbin 1000-ə yaxın şagirdi UNEC-in “bir günlük tələbə”si olub.
Görüşlərdə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib, məlumat kitabçaları paylanıb.
Qeyd edək ki, daha öncə UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə də səfər ediblər