Martın 17-də İqtisad Universitetinin tələbələri (UNEC) yeni “Kitab at” layihəsinə start verib.
UNEC-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Universitetin dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçən layihədə 300 tələbə könüllü toplanmış on min kitabı Bakı, Gəncə və Abşeron rayonunda evlərə hədiyyə olaraq paylayacaqlar.
Layihənin məqsədi ölkədə mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda qədim ənənələrə söykənən Novruzda kitab oxumaq ənənəsini gündəmə gətirməkdir. “Kitab at!” layihəsinin hər il keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, UNEC İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.