UNEC yeni layihəyə – iqtisadçı alimlərin və praktiklərin “diskurs.az” virtual iqtisadi forumu layihəsinə start verib.
UNEC-in mətbuat xidmətindən Lent.-a verilən məlumata görə, layihənin məqsədi ən aktual iqtisadi məsələlərin müzakirəsini təşkil etmək üçün Azərbaycanın, eləcə də tanınmış xarici iqtisadçıların bir araya gələ biləcəkləri məkanın yaradılmasıdır.
Diskurs.az maraq kəsb edən məsələlərə dair materialları həm yerləşdirməyə, həm də onları qiymətləndirməyə və şərhlər əlavə etməyə, habelə sosial şəbəkələrdə paylaşmağa imkan verir.
Həmçinin virtual iqtisadi forumda iqtisadi proseslərin ekspert icmalı təqdim ediləcək, müxtəlif iqtisadi məsələlərə aid müvafiq ekspertlərin rəy və təklifləri yerləşdiriləcək. Eyni zamanda istifadəçilərə öz maraq dairələrinə uyğun əlavə rubrikalar yaratmaq imkanı da veriləcək.
İstifadəçilər və iştirakçılar Azərbaycanda elə bir unikal intellektual meydançanın iştirakçılarına çevriləcəklər ki, orada iqtisadiyyatın və biznesin aktual məsələlərini ölkənin aparıcı iqtisadçı alimləri ilə və müxtəlif sahələrin mütəxəssisləri ilə birbaşa müzakirə edə biləcəklər.
Bildirək ki, İqtisad Universiteti iqtisadçıları diskurs.az virtual iqtisadi forumun işində iştirak edərək iqtisadi proseslərlə bağlı öz fikirlərini ictimaiyyətlə bölüşməyə dəvət edir.