Ukraynanın Azərbaycandakı səfiri Binəqədidə olub
30 oktyabr 2013 18:43 (UTC +04:00)

Ukraynanın Azərbaycandakı səfiri Binəqədidə olub

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla görüşüb. RİH – dən Lent.az-a verilən məlumata görə,  görüş zamanı Bakıda Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının  (SMEF) təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə səmti müəyyən etmə idman növü üzrə açıq respublika çempionatına toxunulub.

Çempionatda qalib komandanın rəhbəri olan səfir və SMEF-in prezidenti Mirəli Kazımov çempionatın təşkilində göstərilən dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər. Görüşdə həmçinin bu idman növünün yeni yaranmasına baxmayaraq qısa zamanda Azərbaycanda geniş əhali kütləsinin, xüsusilə yeniyetmə və gənclər arasında yayılmağa başladığı qeyd edilib.

Binəqədi rayonunda keçirilən açıq respublika çempionatında uşaq və yeniyetmələr arasından müxtəlif yaş qruplarından olan orta məktəb şagirdləri qatılıblar. Səfir özünün də bu idman növünə olan marağından danışaraq  federasiya ilə mütəmadi əlaqədə olduğunu, tədbirlərdə aktiv iştirak etdiyini və bu idmanın yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, çətin anlarda dərhal və məntiqə əsaslanan qərarlar qəbul etmək vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Görüş zamanı Binəqədi rayonunda da bu idman növünün təbliği və inkişaf etdirilməsi istiqamətləri mövzusunda fikir mübadiləsi aparılıb.

Qonaqlar  həmçinin, Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında elektron hökumətə keçidlə əlaqədar  yaradılmış texniki imkanlar və iş şəraiti ilə də tanış olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1237
avatar

Mübariz Aslanov

Oxşar yazılar