Ulu öndər Heydər Əliyevin Qərbə inteqrasiya siyasətinin mühüm prioritetlərindən biri məhz Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişafı idi. Aİ ilə Azərbaycan arasında imzalanmış 1996-cı il tarixli Tərəfdaşlıq və Əməkdaşlıq sazişi siyasi dialoq, demokratik institutların inkişafına dəstək, iqtisadi əməkdaşlıq və sərmayələrin təşviqi kimi mühüm proseslərdə çərçivə bazası rolunu oynamaqdadır. Aİ-nın göstərdiyi yardım Azərbaycanda islahatlar prosesisinin sürətləndirilməsinə, çoxlu sayda layihələrin həyata keçirilməsinə yönəldilmişdir.
Bu baxımdan Aİ-nın dəstəyi ilə həyata keçirilən TRASEKA – Böyük İpək yolu proqramı xüsusi əhəmiyyət kəsb etmişdir. Böyük İpək yolunun qədim tarixi ənənələrinin bərpasına yönəlmiş bu proqram, bütün üzv dövlətlərin iqtisadi inkişafına xidmət etməklə, onların regional və regionlararası səviyyədə sıx inteqrasiyası üçün zəmin yaratmışdır. TRASEKA üzrə ən mühüm tədbir – beynəlxalq konfrans Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində keçirilmişdir. 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirak etdiyi TRASEKA – Tarixi İpək Yolunun Bərpası Beynəlxalq Konfransında Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Saziş, Avrasiya ölkələri arasında hərtərəfli əməkdaşlıq və regional inteqrasiyanın əsas prinsiplərini əks etdirən Bakı Bəyannaməsi imzalanmışdır. Həmçinin sazişlə proqramın İcraçı Katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul edilmiş və beynəlxalq tranzit daşımalarının daha səmərəli təşkilinin hüquqi əsasları qoyulmuşdur. Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, 2001-ci il 21 fevral tarixində TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində rəsmi açılışı baş tutmuşdur.
TRASEKA proqramının həyata keçirilməsi prosesinə mühüm təkan verən amil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqında 1998-ci il 26 oktyabr tarixli xüsusi fərmanı olmuşdur. Fərmanda belə bir tarixi fikir irəli sürülür ki, Tarixi İpək Yolunun bərpası üzrə görülmüş tədbirlər ölkəmizin daha da güclənməsinə xidmət edir.
Çoxtərəfli Sazişin imzalanmasından keçən dövr ərzində Respublikamızda TRASEKA Proqramı çərçivəsində nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılmışdır. TRASEKA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçün son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər görülmüş, avtomobil magistrallarının, dəmir yolu xətlərinin, körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üzrə əməli işlər görülmüşdür. Bakı şəhərində ildə 10 milyon ton neft məhsullarının boşaldılıb yüklənməsinə imkan verən neft boşaltma limanı istifadəyə verilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) bərə terminalında yenidənqurma işləri yekunlaşdırılmışdır.
Ümumiyyətlə, TRASEKA Proqramı və Böyük İpək Yolunun bərpa edilməsi bu gün və XXI əsr üçün ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafının təmin edilməsi nə qədər tez mümkün olarsa, Cənubi Qafqaz və Orta Asiya ölkələrinin Avropa ilə inteqrasiyası bir o qədər sürətli olacaqdır.
Nailə Məmmədova
“Azerbaijan Realities”