Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şəhər (rayon) təhsil şöbələrinə müraciət edib. Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər üçün iyunun 25-də buraxılış imtahanı keçiriləcəkdir.
Ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişikliklər edilməsi haqqında” qərarın 1.5.1 və 1.5.2-ci yarımbəndlərində müəyyən edilmiş qaydada çıxarılır.
Yekun qiymət kimi buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası (buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti) götürülür.
Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası yekun qiymət kimi götürülür.
Beləliklə, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlər üçün təkrar buraxılış imtahanları keçirilməyəcək.