Azərbaycan-Fransa mədəni-humanitar əməkdaşlığının inkişafında Heydər Əliyev Fondunun rolu
01 oktyabr 2015 15:51 (UTC +04:00)

Azərbaycan-Fransa mədəni-humanitar əməkdaşlığının inkişafında Heydər Əliyev Fondunun rolu

0

 

Son illər Fransa ilə Azərbaycan arasında mədəni-humanitar əlaqələr yeni səviyyəyə yüksəlib. Bu əlaqələrin inkişafında Azərbaycanın tərəqqisi, mədəniyyətinin inkişafı və tarixinin tanıdılması istiqamətində misilsiz fəaliyyət göstərən Heydər Əliyev Fondunun rolu danılmazdır. Heydər Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi və digər bir çox tarixi abidələrin bərpasında xüsusi rol oynamışdır.

Azərbaycan mədəniyyətinin Fransada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.  Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmidən çox şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib.

2011-ci ildə keçmiş Fransa Prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunması bütövlükdə Azərbaycan-Fransa humanitar mədəni əlaqələrinin qiymətləndirilməsi idi. 2015-ci il sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Yelisey sarayında Fransa prezidenti Fransua Ollandla görüşü ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafının göstəricisidir.

Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın 2014-cü ilin “Ən nüfuzlu qadını” adına layiq görülmüşdü. Bu, əslində Heydər Əliyev Fondunun, ümumilikdə isə Azərbaycanın yeritdiyi humanitar-mədəni siyasətin qiymətləndirilməsidir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən bir çox genişmiqyaslı layihələrin həyata keçirilməsi milli mədəniyyətimizin inkişafını intensivləşdirərək mənəvi irsimizin mühafizəsinə, Azərbaycan mədəniyyətinin özünəxas unikallığının qorunmasına və bütün dünyada tanınmasına töhfə verir. Xüsusilə, erməni lobbisinin üstünlük təşkil etdiyi, anti-azərbaycan təbliğatının güclü olduğu Fransada belə mötəbər tədbirlərin həyata keçirilməsi Azərbaycanın real və qərəzsiz tanıdılmasına imkan yaradır.  Çünki ən yaxşı təsir vasitəsi məhz mədəni təbliğdir. Heç bir sərhəd və çərçivəyə sığmayan mədəniyyət müxtəlif əqidəli və irqli insanları bir yerə toplayan ən yaxşı ünsiyyət vasitəsidir. Ölkəmizin zəngin mədəniyyəti və incəsənəti Azərbaycanın dünyada layiqincə tanınmasına imkan yaradır.

Nailə Məmmədova

Azerbaijan Realitie

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar