TQDK mayın 19-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək. TQDK-nın mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, imtahanda 8407 abituriyentin iştirakı nəzərdə tutulub ki, onlardan da 3611 nəfəri oğlan, 4796 nəfəri qızdır. 5779 abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 2628 nəfər isə əvvəlki illərin məzunlarıdır. 22 abituriyent ali təhsil müəssisələrinin məzunları, 281 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdir. İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılıb. Bakı şəhərində 5363 , Naxçıvanda 36 , Gəncədə 944, Sumqayıtda 539, Şəkidə 371, Ağcabədidə 98, Göyçayda 268, Şirvanda 177, Lənkəranda 141, Qubada isə 470 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahan bütün şəhərlərdə eyni vaxtda - saat 13:00-da başlayacaq. İmtahan 45 dəqiqə çəkəcək və abituriyentlərə 30 test tapşırığı təqdim ediləcək. Nəticələr “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Mayın 19-da keçirilən imtahanda “qeyri-məqbul” alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 23-də keçiriləcək növbəti imtahanda iştirak edə bilərlər.