Ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən avqustun 5-dək qabiliyyət imtahanında iştirak etməlidirlər. Lent.az-ın TQDK-nın saytına istinadən verdiyi məlumata görə, abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqi”ni qeyd olunan linkdən (https://eservices.tqdk.gov.az/brxvqab/?frm=egov) çap edib götürə bilər.
Məlum olduğu kimi, V ixtisas qrupuna ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları daxildir. I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilir. Abituriyentlərə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılır.
V ixtisas qrupuna və tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, əvvəlki illərin məzunları üçün isə buraxılış imtahanı səviyyəsində iyulun 5-də keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən aparılır.