Terminologiya Komissiyasında Atatürk müəmması: Türkiyə mətbuatı aranı qarışdırdı
10 may 2013 15:36 (UTC +04:00)

Terminologiya Komissiyasında Atatürk müəmması: Türkiyə mətbuatı aranı qarışdırdı

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Səyalı Sadıqova Komissiyanın Azərbaycanda uşaqlara Atatürk adının verilməsinə qadağa qoymağı planlaşdırdığını söyləyib.

Lent.az-ın verdiyi məlumata görə, Səyalı Sadıqovanın bu fikirlərinə bu gün Türkiyənin “Hürriyet” qəzetinin manşetində yer ayrılıb. 

Səyalı Sadıqova deyib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini elan edəndən sonra 18 nəfərə Atatürk adı verilib və bu, xalqımızın qardaş Türkiyə və onun qurucusu Atatürkə sevgisindən irəli gəlib: “Türkiyədə Atatürk adının qoyulmasına qadağa qoyulub. Azərbaycanda da buna qadağa qoymağı planlaşdırırıq. Azərbaycanda uşaqlara cəmiyyətdə birmənalı qarşılanmayan adların qoyulmaması üçün 8 min adın olduğu bir siyahı hazırlamışıq. O adların içərisində  Atatürk adı da var. Atatürk tarixi şəxsiyyətdir və bu ad sadəcə, ona məxsus olmalıdır. Parlamentə göndərəcəyimiz siyahıda  uşaqlara Atatürk adının nə üçün qoyulmaması barədə xüsusi şərh də yazacağıq”.

Terminologiya Komissiyasının üzvü Nizami Cəfərov isə Lent.az-a açıqlamasında deyib ki, Türkiyədə Atatürk adına qadağa qoyulması barədə məlumatlı deyil: Ancaq Türkiyədə Atatürk adı o qədər də populyar deyil, buna da müəyyən qədər haqq qazandırmaq olar. Çünki Atatürk tarixi şəxsiyyətdir. Azərbaycanda da Atatürk adının qoyulmasına qadağa qoyulmayıb, ancaq Azərbaycanda da bu ad o qədər populyar deyil. Digər tərəfdən, kimsə uşağına Atatürk adı qoyacaqsa, nə Terminologiya Komissiyası, nə də Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə məsləhətləşməyəcək. Adların qoyulmasının prinsipi hazırlanıb və bu məsələ ilə bağlı  Nazirlər Kabineti məsuliyyət daşıyır. Məhz Nazirlər Kabineti adlarla bağlı sərəncamlar verir, Ədliyyə Nazirliyi, nazirliyin qeydiyyat şöbələri bu məsələ ilə məşğul olur”.

 

Nizami Cəfərov qeyd edib ki, adlarla bağlı məsələ Terminologiya Komissiyasının səlahiyyətinə də daxil deyil: “Çünki şəxs adlarının terminologiyaya dəxli yoxdur. Səyalı Sadıqova bu məsələ ilə bağlı sadəcə, dilçi kimi fikir söyləyə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Oxşar yazılar