"Telekanalların dil monitorinqi zamanı yersiz alınmaların dilə gətirilməsi, dil normalarına əməl edilməməsi, şifahi nitqin yazıya təsiri, tələsik nitq normasından istifadə kimi pozuntulara rast gəlinib”.
Lent.az-ın məlumatına görə, bunu Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva deyib.
Dövlət televiziyası da daxil olmaqla 6 telekanalın monitorinqə cəlb edildiyini xatırladan N.Qazıyeva deyib ki, fonetik səviyyədə ən çox pozuntu interferensiya halları ilə bağlıdır: “Məsələn, sentyabr, tibbi, texnika kimi sözlərdə “te” səsi “ç” kimi səsləndirilir. Fonetik səviyyədə ən çox diqqət çəkən qüsur samitlərin tələffüzü ilə bağlıdır. Məsələn, sözün əvvəlində “g” səsi, sözün sonunda “y” səsi ilə bağlı pozuntuları müşahidə edirik. Həmçinin, sözlərdə vurğunun doğru seçilmədiyi kimi hallar da müşahidə edilir. Məsələn, İstanbul, Ankara, Dehli, transfer, relyef sözlərində bu problemlər qeydə alınır. Yazının dilə təsiri, dialektdən irəli gələn tələffüz normalarının pozuntuları da qeydə alınıb”.
N.Qazıyeva bildirib ki, Azərbaycan Dövlət Televiziyasının efirində də pozuntu halları müşahidə edilir: “Dövlət telekanalının efirində də aparıcıların dilində kifayət qədər pozuntulara rast gəlirik. Dövlət televiziyasında daha çox interferensiya hadisəsini müşahidə edirik. Məsələn, İctimai Televiziyada aparıcı Saleh Bağırov qələbə sözünü gələbə kimi, Xəzər televiziyasının efirində səhər verilişinin aparıcısı Xanım Yadigarlı “yeməklər” sözünü “yeməylər” kimi tələffüz edib. Bəzi xəbər verilişlərində aparıcıların emosionallığı, leksik səviyyədə norma pozuntuları, xarici terminlərdən yersiz istifadə olunması qeydə alınan qüsurlardır".
N.Qazıyeva onu da vurğulayıb ki, monitorinqin nəticələri bu dəfə video formasında təqdim ediləcək.