Şamı yandır, sevgilin ayağına gəlsin, borcların silinsin, həbsxanadakı yaxının azadlığa çıxsın və ya kimlərinsə dili-ağzı bağlansın...
Qulağa fantastik gəlir, elə deyil? Sosial şəbəkələri bürüyən "sehirli şam" alverçiləri ailə münaqişəsindən işsizliyə, cadu təmizləməkdən kimisə özünə aşiq etməyə qədər hər dərdə bir şam çıxarıb satırlar.
İştahları isə heç də az deyil... Belə dırnaqarası möcüzəvi şamların qiyməti 33 manatdan başlayıb, 10 min manatadək yüksəlir. Satıcılar isə bu məbləğ qarşılığında müştərilərə “100 faiz zəmanət” verir.
Bəs həqiqətənmi bu şamlar dərdlərə dərman olur, yoxsa sadəcə cibləri soymaq üçün bir tələdir?
Lent.az xəbər verir ki, APA TV-nin əməkdaşı bu suala cavab tapmaq üçün fərqli adlarla, müxtəlif bəhanələrlə - gah bəxti bağlanan qadın, gah qaynanası ilə yola getməyən gəlin, gah da işini itirmək qorxusu yaşayan çərəsiz bir "müştəri" kimi satış məntəqələri ilə əlaqə saxlayıb.
Məsələnin hüquqi tərəfinə keçməzdən əvvəl, bu ritualların mənşəyinə nəzər salsaq daha yaxşı olar. Dinşünas Tural İrfanlının sözlərinə görə, bəzi qədim inanc və dinlərdə şam yandırmaqla uğur qazanmaq arasında müəyyən əlaqələr qurulur:
“Şübhəsiz ki, İslam dinində bu kimi inanclar qəbul edilmir. İslam dinində əsasən dua etmək, Allaha bilavasitə ibadət etmək, namaz qılmaq və İslama məxsus olan müxtəlif ayinləri icra etməklə tövsiyə olunur. Qurani-Kərimdə də buyrulur ki, hər bir şey insanın öz əməllərinə bağlıdır. İnsanın öz fəaliyyəti, öz əməyi, əməlləri nəticəsində nəsə bəxş olunur ona, ya da ki, özü kəsb edir. Müxtəlif şam yandırmaqla, od yandırmaqla, alov qalamaqla, yəni bu kimi məsələlərlə, necə deyərlər, problemlərin həll edilməsi və yaxud da kiməsə xeyir və ziyan vurulması İslam dininə görə mümkünsüz hesab olunur”.
Mütəxəssislər bildirir ki, ritual şamların satışı ilə məşğul olan obyektlərə marağın bu qədər çox olmasının bəzi sosial-psixoloji səbəbləri var. Sosioloq Mətənat Məmmədova bildirir ki, sosial mediyada qurulan bu "sehirli şam" imperiyası insan çarəsizliyini pula çevirməkdən başqa bir şey deyil:
"Elmi cəhətdən yanaşdıqda şam bir obyektdir. Onun içərisində parafin, şam, otlar və ətirli yağlar var. Bunu yandırmaqla hansısa bir problemi həll etmək olmaz. Bir kişi Allahdan buyruq, ağzıma qoyruq misalı oturub evdə ki, nə vaxtsa mənə bir iş qismət olar, mən gedərəm işləyərəm. Bu şamın evdə yanması o kişinin başından pulun tökülməsi demək deyil. Cəhd eləmək, işləmək, gedib iş axtarmaq, iş tapmaq lazımdır. Məntiqi cəhətdən düşünmək lazımdır ki, bu şam yanırsa, onun sadəcə mən bir nəçə dəqiqəliyinə o xoş ətrindən qidalana bilərəm".
Psixoloqlar isə bildirir ki, bütün ümidləri şamlara bağlamaqla insan real həyatdan uzaqlaşır, onun şəxsi məsuliyyət hissi zəifləyir.
Psixoloq Kifayət Cəbizadənin sözlərinə görə, şamla meditasiya odun simvolikasından, onun arxasında duran psixoloji mexanizmlərdən ibarətdir:
"Şamın titrək alovuna deməli, biz baxanda beyin dağınıq düşüncələrdən azad olur və xarici vizual diqqət tək bir nöqtəyə — alova kilitlənir ki, bu da insanı avtomatik olaraq dərindən sakitləşdirən, trans vəziyyətinə yaxınlaşdırır. İnsan öz arzusunu, hədəfini oda yükləyəndə, əslində daxili enerjisini xarici obyektdə proyeksiya eləyir. Şəxs sanki görünməz məqsədinə maddi bir forma verir və şamı onun reallaşmasının şahidi kimi hiss edir. Meditasiya zamanı arzusunu reallaşdırdığını hiss edən insan beyində uğur duyğusu ilə yaşayır".
Bəs şamların insan psixologiyasına hər hansı müsbət təsiri varmı? sualına psixoloq belə cavab verib:
"Müsbət tərəfləri odur ki, istər-istəməz insan stresi azalır, daxili resursları səfərbər olur insanın, inanc vasitəsilə psixoloji rahatlıq, katarsis əldə eləyir. Mənfi tərəfləri də nəticəni yalnız şamın və ya odun gücünə bağlamaqdır. İnsanın öz potensialını və şəxsi məsuliyyətini kölgədə qoyur. Əgər hər şeyin şamdan asılı olduğunu düşünsək, o zaman real addımlar atmayacağıq".
Bəs sosial şəbəkələrdə insanlara müxtəlif vədlər verən bu cür obyektlərin fəaliyyəti hüquqi baxımdan necə tənzimlənir?
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, əgər şəxs özü-özlüyündə hər hansı bir şam vasitəsilə hər hansı bir ritual həyata keçirməklə sevgilisi ilə barışacağını güman eləyirsə, bunu etməkdə sərbəstdir və buna görə inzibati yaxud da cinayət məsuliyyəti nəzərdə tutulmur:
"Və yaxud da həmin hər hansı bir şamın satılması da burda məsuliyyət tərkibi yaradan bir məsələ deyil. Hər hansı bir ritual şamının satılması, ritual əşyalardan istifadə olunması bu cinayət və yaxud da inzibati xəta sayılmır. Lakin siz hər hansı bir əşyanı satanda qarşıdakı şəxsi aldatma və yaxud da etibardan sui-istifadə etmək yolu ilə bu kimi vədləri verərək, bu kimi yalan vədlərlə insanları aldadaraq guya ki, uğur qazanacağı və yaxud da pul qazanacağı, işlərinin yaxşı gedəcəyini əminlik bildirərək satırsınızsa, verirsinizsə, bu artıq Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq hesab edilə bilər. Ama bu məsələ əgər aldatma və yaxud etibardan sui-istifadə etməklə əsaslandırılmırsa, burda məsələ yalnız şəxsin özünün özünü inandırması və sair bununla bağlıdırsa, bu şəxsin seçimidirsə, belə olan halda hiçbir cinayət məsuliyyəti nəzərdə tutula bilməz".
Göründüyü kimi, bir çox mağaza ritual şam satışı adı altında insanların inancından sui-istifadə edərək, magia adlanan əməllərlə məşğul olub, pul qazanırlar.
Mütəxəssislər isə bildirir ki, nə qədər “sehirli” adlandırılsa da, bu şamların arxasında dayanan vədlər real həyatdakı problemlərin həlli deyil və heç bir şam borcları silmir, bitmiş münasibətləri bərpa etmir, problemləri həll etmir. Həyatımızı dəyişən əsl şey öz iradəmiz ilə atdığımız real addımlardır.