Bu gün Bakıda Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib.
Lent.az xəbər verir ki, toplantıya Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov sədrlik edib.
Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın, həmçinin Şimali Kipr Türk Respublikasının və Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər.
Toplantıda Ramil Usubovun məruzəsi dinlənilib.
Çıxışda qlobal geoiqtisadi qarşıdurmalar, müharibələr və beynəlxalq hüququn zəifləməsi kimi proseslərin yaratdığı təhlükəsizlik çağırışlarına diqqət çəkilib.
Qeyd olunub ki, Təhlükəsizlik Şuraları katiblərinin illik toplantıları mövcud və potensial təhdidlərin qarşısının alınması, ümumi çağırışlara birgə cavab mexanizmlərinin formalaşdırılması baxımından mühüm platformadır. Bu görüşlərin, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına və ortaq maraqların təmin olunmasına töhfə verdiyi vurğulanıb.
Gündəlikdə Yaxın Şərqdə baş verən hadisələr fonunda regional təhlükəsizlik məsələləri, süni intellekt sahəsində milli inkişaf imkanları və digər aktual mövzular yer alıb. Bu məsələlər ətrafında nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Toplantı zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçıları arasında əldə olunmuş razılaşmaların, eləcə də 2025-ci il oktyabrın 7-də imzalanmış Qəbələ Bəyannaməsinin müddəalarından irəli gələn təhlükəsizlik sahəsində vəzifələrin icrası ilə bağlı görüləcək işlər müzakirə olunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
***
Bakıda Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı öz işinə başlayıb.
Lent.az xəbər verir ki, Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müraciətdə deyilir:
"Hörmətli tədbir iştirakçıları!
Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi məmnunluq doğurur.
Qardaş xalqlarımızı ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr möhkəm ailə kimi birləşdirir. Təbii müttəfiqliyimizi rəsmiləşdirən Türk Dövlətləri Təşkilatı geniş coğrafi məkanda yerləşən, nəhəng siyasi və iqtisadi potensialı əhatə edən dost və qardaş ölkələrimizin birliyinin və səmərəli qarşılıqlı fəaliyyətinin bariz nümunəsidir.
Bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir.
Altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı. Fürsətdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə təmsil etdiyiniz ölkələrə təşəkkürümü bildirirəm. Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.
Bizim sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını, Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir.
Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Azərbaycan ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətimizin geniş potensialının reallaşmasına və bütövlükdə regionumuzun davamlı inkişafına, sülhə və təhlükəsizliyə töhfələr vermək üçün səylərini əsirgəmir. Keçən il Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamə üzv ölkələrin siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığını və inteqrasiyasını ehtiva edən mühüm yol xəritəsidir.
Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində sədrliyimiz çərçivəsində səy göstəririk.
Türk Dövlətləri Təşkilatına sədrliyimiz dövrünə təsadüf edən əlamətdar hadisələrdən biri də Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsidir. Fürsətdən istifadə edərək, Təşkilata üzv ölkələrin dəyərli liderlərinə ehtiramımı ifadə edir, Qurultaya ünvanladıqları müraciətlərə və ümumiyyətlə Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatındakı sədrliyinin işinə göstərdikləri daimi dəstəyə görə təşəkkürümü bildirirəm.
Hörmətli tədbir iştirakçıları!
Müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışlar, o cümlədən kibertəhdidlər meydana gəlir, yeni qeyri-sabitlik ocaqları yaranır, beynəlxalq hüququn böhranı müşahidə olunur. Bunların hamısı regional və qlobal problemlərin həlli istiqamətində ortaq gündəliyimizin müəyyənləşdirilməsini, mühüm məsələlərə dair vahid mövqeyimizin formalaşdırılmasını və bütün istiqamətlər üzrə fəaliyyətimizin əlaqələndirilməsini labüd edir. İkitərəfli əsasda həyata keçirdiyimiz hərbi təlimlər müdafiə sahəsində əməkdaşlığımıza töhfə verməklə, dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini bir daha bariz şəkildə təsdiq edir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları arasında əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinin sadəcə siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığının, həm də uzunmüddətli strateji xarakter daşıdığının göstəricisidir.
Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi əsasda toplaşaraq aktual təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması ortaq qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir, Türk Dövlətləri Təşkilatı məkanında təhlükəsizlik sahəsində dialoqu tamamilə yeni səviyyəyə qaldıraraq ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir. Belə ki, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlərlə mübarizə, kritik infrastrukturun mühafizəsi kimi məsələlər istənilən dövlətin təkbaşına həll edə bilməyəcəyi məsələlərdir. Bu səbəbdən, mühüm koordinasiya mexanizmi olaraq, təhlükəsizlik şuralarının üzərinə böyük məsuliyyət düşür.
Əminəm ki, Toplantı zamanı gündəlikdə duran mühüm məsələlər ətrafında aparılacaq müzakirələr, irəli sürüləcək təşəbbüs və təkliflər ölkələrimizin əmin-amanlığına, təhlükəsiz gələcəyinə, Türk dünyasının qlobal təhdidlər qarşısında daha dayanıqlı və sarsılmaz bir gücə çevrilməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Toplantının işinə uğurlar arzulayıram".