Qara sarımsaq özünəməxsus şirin dadı, yumşaq teksturası və güclü antioksidant xüsusiyyətləri ilə son illər getdikcə populyarlaşır. Araşdırmalar onun ürək-damar sisteminə müsbət təsir göstərə, qan təzyiqi və xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edə biləcəyini göstərir. Lakin mütəxəssislər qara sarımsağın dərman vasitəsi olmadığını vurğulayırlar.
Lent.az xəbər verir ki, qara sarımsaq ayrıca sarımsaq növü deyil. Adi sarımsaq yüksək temperatur və rütubət şəraitində xüsusi kameralarda bir neçə həftədən bir neçə aya qədər saxlanılır. Bu müddətdə onun rəngi, dadı, teksturası və ətri dəyişir. Qara rəng fermentasiya və ya mikroorqanizmlərin təsiri nəticəsində deyil, Mayyar reaksiyası şəkərlərlə amin turşularının istiliyin təsiri altında qarşılıqlı reaksiyası nəticəsində yaranır. Bu zaman tünd rəngli piqmentlər əmələ gəlir, sarımsağa kəskin dad və qoxu verən allisin isə parçalanır. Nəticədə qara sarımsaq daha yumşaq və şirin dada malik olur.
Təzyiq və xolesterinə təsiri
Qara sarımsağın tərkibində yüksək miqdarda antioksidantlar var. Bu maddələr hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir. Araşdırmalar onun müntəzəm istifadəsinin ürək-damar sisteminə müsbət təsir göstərə biləcəyini göstərir. İnsanların iştirakı ilə aparılan bəzi tədqiqatlarda sarımsağın tərkibindəki maddələrin arterial təzyiqin normallaşmasına kömək edə biləcəyi müəyyən edilib.
Qara sarımsağın “pis” xolesterin LDL və triqliseridlərin səviyyəsinin azalmasına, eyni zamanda “yaxşı” xolesterin - HDL səviyyəsinin yüksəlməsinə kömək edə biləcəyi də bildirilir.
Laboratoriya araşdırmaları qara sarımsaq ekstraktlarının qanda qlükoza və insulin səviyyəsinə təsir göstərə biləcəyini də ortaya qoyub. Bundan başqa, ilkin laboratoriya tədqiqatlarında qara sarımsağın tərkibindəki iltihabəleyhinə birləşmələrin qısamüddətli yaddaşı dəstəkləyə, qaraciyər hüceyrələrinin toksinlər, alkoqol və bəzi dərmanların təsirindən qorunmasına kömək edə biləcəyi göstərilib. In vitro araşdırmalarda onun bəzi xərçəng hüceyrələrinə qarşı aktivliyi də öyrənilib. Lakin bu nəticələr qara sarımsağın xərçəng müalicəsi olduğu anlamına gəlmir.
Gündə nə qədər yemək olar?
Mütəxəssislərin fikrincə, qara sarımsaq orqanizm tərəfindən yaxşı mənimsənilir. Gündə 1-3 diş qara sarımsaq qəbul edilməsi optimal və təhlükəsiz miqdar hesab olunur. Yumşaq teksturasına görə onu çörəyin üzərinə çəkmək, souslara, salat əlavələrinə və müxtəlif yeməklərə qatmaq mümkündür. Bununla yanaşı, bəzi insanlar ehtiyatlı olmalıdır. Adi sarımsağa allergiyası olan şəxslərə qara sarımsaq da tövsiyə edilmir.
Qan durulaşdırıcı preparatlar qəbul edənlər isə böyük miqdarda qara sarımsaq istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Şəkərli diabet və yüksək qan təzyiqi olan şəxslər də diqqətli olmalıdırlar. Qara sarımsağın qan şəkəri və təzyiqə mümkün təsiri səbəbindən həkimin təyin etdiyi dərmanların dozasını özbaşına dəyişmək olmaz.