Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), İnnovativ Biznes-İnkubator və “Kapital Bank” ASC-nin birgə təşkilatçılığı ilə tələbələr arasında “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilib.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqənin təşkilində məqsəd prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.
Biznes ideyalar hazırlanarkən ideyaların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, modern, orijinal, kreativ və aktual yanaşma, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı tələblərinin nəzərə alınması vacibdir.
Bildirək ki, biznes ideya esse, təqdimat, video-çarx və digər formatda ola bilər.