Təhsil nazirindən valideynlərə məsləhət
16 sentyabr 2013 11:57 (UTC +04:00)

Təhsil nazirindən valideynlərə məsləhət

Təhsil naziri Mikayıl Cabbarov 6 yaşı tamam olmamış uşaqların vaxtından əvvəl birinci sinfə qəbulundan danışıb.

 

Lent.az-ın verdiyi məlumata görə, Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibəsində deyib ki, xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə əlaqədar Təhsil Nazirliyinin 17 iyul 2013-cü il tarixli əmri ilə qaydalar təsdiqlənib.

 

Mikayıl Cabbarov bildirib ki, burada söhbət yalnız uşağın I sinif üzrə proqram materiallarını mənimsəməsindən getmir. Başlıca məsələ uşağın idraki inkişafında, sabit fiziki duruma, çevik təfəkkürə, psixoloji dayanıqlığa, məntiqi mühakimə qabiliyyətinə malik olmasındadır: “Proqram materialını mənimsəyən hər uşağa xüsusi istedadlı uşaq demək mümkün deyil. Ola bilər ki, hər hansı bir uşaq 5 yaşında məktəb təliminə hazır olsun. Belə faktlar, əlbəttə, var. Lakin bu keyfiyyət, ümumilikdə, az faiz uşaqlara nəsib olur. Bu, bir çox hallarda məktəbəqədər təhsil şəbəkəsinin əhatə dairəsindən və keyfiyyətindən asılı məsələdir. 3-4 yaşından uşağın ibtidai təhsilə hazırlıq proqramlarına cəlb olunması məsələsinə gəlincə, bunun üçün xüsusi tədris proqramları hazırlanmalıdır. Bəzi mütəxəssislər hesab edirlər ki, uşağın qayğısız uşaqlıq həyatını, sərbəstliyini əlindən almaq olmaz. Ətraf aləmlə, təbiətlə, həmyaşıdları ilə ünsiyyət uşağın inkişafında, dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bütün bunları nəzərə alaraq valideynlərə məsləhətim budur ki, bəzi zahiri əlamətlərinə görə uşaqlarını ehtiyac olmadan parta arxasında oturtmağa cəhd göstərməsinlər”.

 

# 914
avatar

Oxşar yazılar