Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları və veteranlar peşə bayramlarını qeyd ediblər.
APA-nın DTX-nın saytına istinadən verdiyi məlumata görə, onlar Fəxri xiyabanda Heydər Əliyevin əziz xatirəsini yad ediblər, məzarı önünə əklil qoyublar.
Akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəxslərin xatirəsi yad edilərək məzarları üstünə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycanın suverenliyi və torpaqlarının erməni işğalından azadlığı uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Təhlükəsizlik orqanlarının yaranmasının 97-ci ildönümü münasibəti ilə təntənəli mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam etdirilib. Mərasimdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev tarixi proseslərə nəzər salaraq Heydər Əliyevin müstəqil Azərbaycanın hüquq-mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər gördüyünü bildirib.
Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirən M. Quliyev qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib.
Eyni zamanda, ölkəmizin maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərildiyi vurğulanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında böyük vəzifələrin qoyulduğu, cinayətkarlıqla mübarizə, sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müvafiq dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin öhdəsindən uğurla gəlməyə imkan verəcəyi diqqətə çatdırılıb.
Təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyevə toplantı iştirakçıları adından müraciət qəbul olunub. Tədbirdə xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının veteranlarının mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin əmrləri elan edilib. Sonra bayram tədbiri Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində bədii proqramla davam etdirilib.