Lənkəran rayonu Göyşaban kəndində küçənin ortasından keçən elektrik naqilləri ciddi təhlükə mənbəyidir.
Kənd sakinləri adından Lent.az-a daxil olan şikayətə görə, kəndin əsas məhəllələrindən birinə transformator qoyulub, ancaq quraşdırılmayıb. Sakinlər də işıqsız qalmamaq üçün qonşu məhəllələrdən - 800-900 metr uzaqdan elektrik naqilləri çəkiblər. Çəkilən elektrik naqilləri də ciddi təhlükə doğurur. Sakinlərin şikayətinə görə, hər həftə kəndlilərin onlarla heyvanı bu naqillərə ilişərək tələf olur.
Məsələ ilə bağlı “Azərişıq” ASC-lə əlaqə saxladıq. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a açıqlamasında deyib ki, həmin ərazidə elektrik verilişi xətlərində ciddi yenidənqurma işləri aparılır: “ Düzdür, transformatorlar yerləşdirilib, ancaq yeni elektrik kabellərinin çəkilməsi, dayaqların qoyulması hələ tamamlanmayıb. Tamamlanma işləri də qeyri-sabit hava şəraiti ilə bağlı gecikir. Çox yaxın zamanda işlər bitəcək”.
T.Mustafayev onu da qeyd edib ki, təhlükə saçan həmin elektrik naqillərinin yenidənqurma işləri bitənə kimi təhlükəsiz hala gətirilməsi üçün tədbirlər görülməsi ilə bağlı tapşırıq verilib.