Tapqaraqoyunlunun su problemi həll olundu
16 sentyabr 2013 13:29 (UTC +04:00)

Tapqaraqoyunlunun su problemi həll olundu

Cəbhə xəttindən bir neçə yüz metr məsafədə yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin içməli su probleminin birdəfəlik həlli məqsədilə həyata keçirilən layihənin icrası uğurla başa  çatdırılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, yeni infrastrukturun istismara verilməsi ilə əlaqədar tədbir  keçirilib. Tədbirdə çıxış edən Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev  layihənin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edib, “Azərsu” ASC tərəfindən layihənin icrasının qısa müddətdə başa çatdırılmasını yüksək qiymətləndirib. O bildirib ki, cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndinin sakinləri uzun  illərdir içməli sudan əziyyət çəkib.

 

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov deyib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Cəbhə xəttində yerləşən bu kəndin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi. Bundan sonra kənd sakinləri keyfiyyətli içməli sudan fasiləsiz olaraq istifadə edə biləcəklər”.

 

Layihəyə əsasən, istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi kimi kəndin yaxınlığından keçən Ballıqaya-Goranboy  magistral su xətti seçilib. Buradan Tapqaraqoyunlu kəndinə  14  km uzunluğunda magistral su xətti çəkilib. Kənd əhalisini fasiləsiz və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə hər birinin tutumu 300 kubmetr olan 2 ədəd su anbarı inşa edilib, müxtəlif diametrli borularla 35,6 km uzunluğunda paylayıcı şəbəkə yaradılıb və 800 ünvana birləşmə verilib. Bununla da Tapqaraqoyunlu kəndinin 2400 sakini 24 saat fasiləsiz içməli su ilə təmin olunub.

 

Qeyd edək ki, indiyə qədər yerli əhali içməli su kimi Ermənistan ordusunun nəzarətində olan ərazilərdən axıb gələn İncə çayından ayrılmış arxın suyundan və  bir ədəd artezian quyusundan daşınma yolu ilə istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Oxşar yazılar