Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar elan etdiyi beynəlxalq yazı müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimini keçirib.
Lent.az-ın verdiyi məlumata görə, mərasimdə yazı müəllifləri, hökumət rəsmiləri, Milli Məclisin deputatları və QHT təmsilçiləri iştirak ediblər.
Şurada müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsi prosesi Müsabiqə Komissiyası tərəfindən həyata keçirilib. Komissiyanın tərkibinə millət vəkili Elmira Axundova, “Azəri-Press” Holdinqinin prezidenti Vüsalə Mahirqızı, “İnterfaks-Azərbaycan” informasiya agentliyinin direktoru Aleksandr İvanov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Jurnalistlər İttifaqının baş katibi Ramiz Əsgər və “1News.az” informasiya agentliyinin baş direktoru Rəhman Hacıyev daxildir.
Mərasimdə öncə Heydər Əliyevin həyatı ilə bağlı film nümayiş etdirilib. Şuranın sədri Azay Quliyev bildirib ki, bu ilin fevralın 15-də elan olunan yazı müsabiqəsi bir müddət əvvəl başa çatıb: “Dünyanın 6 ölkəsində - Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyada yerləşən Azərbaycan Respublikasının səfirlikləri vasitəsilə bu ölkələrin ictimaiyyətinin diqqətinə çatdırılıb və müsabiqə barədə xəbər böyük marağa səbəb olub. Müsabiqə ulu öndər Heydər Əliyevin şəxsiyyəti, beynəlxalq ictimai-siyasi fəaliyyəti, Azərbaycanın həmin ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrində Heydər Əliyevin rolu haqda mövzuları əhatə edib”.
Azay Quliyev bildirib ki, bu gün prezident İlham Əliyev Heydər Əliyev kursunu uğurla davam etdirir.
Müsabiqə Komissiyasının sədri Elmira Axundova müsabiqəyə təqdim olunmuş yazılar barədə məlumat verib. Daha qaliblərə - Tamriko Şakaya (Gürcüstan), Alma Sağınğali (Qazaxıstan), Horia Razvan Garbea (Rumıniya), Aleksandr Karavayev (Rusiya), Gözde Kılıc Yaşın (Türkiyə) və Anastsya Nikolayevaya (Ukrayna) mükafatlar təqdim olunub.