Təhsil Nazirliyi kütləvi informasiya vasitələrində Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin direktoru Mehriban Nəcəfovanın işdən azad edilməsi barədə yayılmış xəbərlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, M.Nəcəfova Təhsil Nazirliyinə 25 oktyabr 2013-cü il tarixində ərizə ilə müraciət edərək, səhhətindəki problemlə əlaqədar müalicəyə ehtiyacı olduğunu və bunun məktəb direktoru kimi vəzifə səlahiyyətlərini yerinə yetirməkdə çətinlik yaratdığını göstərib.
Təhsil nazirinin müvafiq əmri ilə Mehriban Nəcəfovanın ərizədə göstərdiyi səbəb nəzərə alınaraq, 25 oktyabr 2013-cü il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, noyabrın 6-da Sumqayıt şəhərində yerləşən 24 saylı orta məktəbdə valideynlər etiraz aksiyası keçiriblər.