Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 25 yanvar 2016-cı il tarixli sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2016-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.
DSMF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev məlumat verib. O bildirib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. 2007-ci ildən başlayaraq Prezident tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 10 sərəncam verilib.
2015-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, istehlak qiymətlərinin 4,0 faizlik indeksi qeydə alınıb. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq.
Bildirilib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 3,24 milyon manat, il ərzində isə 38,9 milyon manat əlavə vəsait tələb yönəldiləcək. Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunacaq. Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra ediləcəkdir. Fevral ayının pensiyalarının ödənişi onların baza və sığorta hissələrinin artımları ilə birlikdə həyata keçiriləcək.
Zakir Babayev həmçinin, prezident İlham Əliyevin imzaladığı “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” 25 yanvar 2016-cı il tarixli sərəncamından bəhs edərək bildirib ki, sərəncama əsasən, 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilib. İl ərzində 3 yaşadək uşağa qulluğa görə müavinət alanların sayı təxminən 48 min nəfərdir ki, bu kateqoriyadan olanların müavinətinin artımının maliyyələşdirilməsi üçün il ərzində 3,5 milyon manat əlavə vəsait yönəldiləcək.
Dövlət Sosial Müdafiə Fondu əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən imzalanan hər iki sərəncamın icrası ilə bağlı öz üzərinə düşən vəzifələri operativ şəkildə icra edəcək.