Bu gün Bakıda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və BMT İnkişaf Proqramı arasında «Azərbaycanda minadan zərərçəkənlər üçün sosial iqtisadi reinteqrasiya Proqramı” üzrə Memorandum imzalanıb.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən ANAMA-nın direktoru Nazim İsmayılov bildirib ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin mina və PHS-lərdən təmizlənməsi məqsədilə ANAMA yarandığı gündən BMT İP-ə müraciət edərək, mili potensialın yaradılmasında bu qurumun dəstəyindən istifadə edib: «BMT-nin təcrübəsindən istifadə müsbət nəticə verdi. Bu gün ANAMA tam sərbəst işləyir və hökumətin tapşırıqları əsasında mina təmizləmə proqramlarını icra edir. Bu gün bizim BMT ilə əməkdaşlığımız davam etdirilir və yeni layihələr üzərində işləyirik».
ANAMA direktoru bildirib ki, imzalanan Memorandum minadan zərərçəkənlərə yardım məqsədi daşıyır: “Azərbaycanda 1992-ci ildən indiyədək 3 min nəfər minadan zərər çəkib, onlardan 500-ü dünyasını dəyişib. Hazırda ANAMA minadan zərərçəkənlərin reinteqrasiyası istiqamətində müəyyən işlər aparır. İmzalanan proqram minadan zərərçəkənlərə biznesin qurulması üçün mikrokreditlərin verilməsini əhatə edir”.
BMT-nin Azərbaycandakı nümayəndəsi Antonius Bruk bildirib ki, hazırda ANAMA-nın imkanların tək Azərbaycanla yekunlaşmır: “BMT İP ilə əməkdaşlığın yeni mərhələsi ANAMA-nın beynəlxalq minatəmizləmə mərkəzinə çevrilməsini əhatə edir. Başlayacaq yeni layihə çərçivəsində 40 nəfər minadan zərərçəkənə öz biznesini qurmalarına dəstək veriləcək. Layihə Beynəlxalq Miqrasiya Təşkilatı və ANAMA-nın yerli tərəfdaşı olan «Çıraq» təşkilatı tərəfindən həyata keçiriləcək. Layihə üçün BMT 160 min ABŞ dolları vəsait ayıracaq”.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktorpak təmsil etdiyi təşkilatın ANAMA ilə birgə əməkdaşlıq çərçivəsində keçirdiyi layihələr barədə məlumat verib.
Sonda Memorandum ANAMA-nın direktoru Nazim İsmayılov və BMT-nin Azərbaycandakı nümayəndəsi Antonius Bruk tərəfindən imzalanıb.