Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kiralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, görüşdə Səlim Müslümov Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.
DSMF sədri bildirib ki, Azərbaycanda sığorta-pensiya sisteminin inkişafı tədbirləri beynəlxalq standartlar üzrə həyata keçirilən aktuar hesablamalara əsaslanaraq davam etdirilməkdədir. Perspektiv dövrdə də orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, pensiya təminatına yönəldilən vəsaitlərin ÜDM-ə nisbəti üzrə beynəlxalq təcrübədə qəbul olunmuş optimal həddin gözlənilməsi əsas vəzifələrdəndir. Azərbaycanın sığorta-pensiya sisteminin uzunmüddətli dövrdə perspektiv inkişafı strategiyasının hazırlandığını deyən S. Müslümov vurğulayıb ki, yeni mərhələdə sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının artırılması, sosial ədalət prinsipinin gücləndirilməsi və digər bir sıra istiqamətlərdə dəyişikliklər nəzərdə tutulur.
Henri Kiralin Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək qiymətləndirib. Dünya Bankı ilə DSMF-nin yaxından əməkdaşlıq etdiyini vurğulayan qonaq növbəti illərdə də əlaqələrin daha da dərinləşməsində maraqlı olduqlarını bildirib. Henri Kirali Azərbaycanın sığorta-pensiya sisteminin növbəti inkişaf mərhələsində nəzərdə tutulan islahatların əsas istiqamətlərinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətli olduğunu söyləyib.