Şəxsin və ailənin çətin şəraitdə yaşadığı necə sübut ediləcək? –QAYDA
19 iyun 2013 10:29 (UTC +04:00)

Şəxsin və ailənin çətin şəraitdə yaşadığı necə sübut ediləcək? –QAYDA

Nazirlər Kabineti çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısını təsdiqləyib.

 

Lent.az-ın verdiyi məlumata görə, bu siyahı “Sosial xidmət haqqında”  qanuna əsasən hazırlanıb və çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısını müəyyən edir.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

- valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı;

- hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının arayışı;

- valideynlik hüququndan məhrumetmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

- valideynlərin xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan  hesab edilməsi, ölmüş elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

-valideynlərin cəza çəkməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı;

- uşağın qəyyumluğa və ya himayəyə verilməsi barədə yerli icra hakimiyyəti başçısının sərəncamı;

- uşaqlarını tərbiyə, müalicə, əhaliyə sosial xidmət və digər analoji müəssisələrdən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi;

- valideynlərin birinin I və ya II qrup əlil olduğunu təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) müayinə aktından çıxarış.

Sağlamlıq imkanları məhdud olan uşağın çətin həyat şəraitində olması onun sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən TSEK-in müayinə aktından çıxarışla müəyyən edilir. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsin çətin həyat şəraitində olması Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə  yerli komissiyanın qərarı ilə təsdiq edilir. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan, habelə ona qulluq və kömək göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

- səhiyyə idarə və müəssisələri  tərəfindən verilmiş tibbi  arayış ;    

- şəxsin əlilliyini təsdiq edən TSEK-nın müayinə aktından çıxarış;

- şəxsə qulluq və kömək göstərə biləcək qohumlarının və ya qanuni nümayəndələrinin olmaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon  əhalisinin sosial müdafiəsi mərkəzlərinin qərarı.

 

İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxsin çətin həyat şəraitində olması müayinənin nəticələri barədə ərazi üzrə səhiyyə idarə və müəssisələri tərəfindən verilmiş tibbi arayış  əsasında təsdiq edilir. İnsan alverinin qurbanı olan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

- Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin  “Sosial xidmət haqqında”  qanunun nəzərə alınmaqla, şəxsin insan alveri qurbanı olması barədə istiqamətləndirici məktubu;

- cinayət prosesini həyata keçirən orqanın şəxsin insan alveri ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarı və ya məhkəmənin hökmü.

Məişət zorakılığından zərərçəkən şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

- məişət zorakılığına məruz qalmış şəxsə verilən qısamüddətli və yaxud uzunmüddətli mühafizə orderi;

- cinayət prosesini həyata keçirən orqanın şəxsin məişət zorakılığı ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarı;

- məişət zorakılığı ilə bağlı şikayət üzrə zərərçəkmiş şəxslə bağlı yerli icra hakimiyyəti orqanının qərarı;

- məişət zorakılığından zərərçəkmiş şəxslərə yardım mərkəzlərinin arayışı;

- məişət zorakılığı ilə bağlı məlumat bankının məlumatı.

Müəyyən yaşayış yeri olmayan şəxslərin çətin həyat şəraitində olması  Daxili İşlər Nazirliyinin şəxsin olduğu yer üzrə şəhər,  rayon  polis orqanları tərəfindən verilmiş şəxsin yaşayış yerinin olmaması barədə arayış əsasında təsdiq edilir. Valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış və bu müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

-  şəxsin sosial xidmət müəssisələrini tərk etməsi ilə bağlı sosial xidmət müəssisəsinin arayışı;

- şəxsin yaşayış yerinin olmaması barədə Daxili İşlər Nazirliyinin şəxsin olduğu yer üzrə şəhər, rayon polis orqanlarının  arayışı.

Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

- şəxsin sosial yadırğama (dezadaptasiya) vəziyyətində olması barədə tibb müəssisələri (həkim - psixoloq) tərəfindən verilən arayış;

- şəxsin sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması barədə tibb müəssisələri tərəfindən verilən arayış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803
avatar

Oxşar yazılar