GÜNÜN ŞƏRHİ
Yaxın Şərqdə hərəkətlilik yenidən artır. Suriya ilk dəfə ABŞ-ın müttəfiqi olan YPG-nin mövqelərini havadan bombalayıb, ABŞ təyyarələri ilk dəfə Suriya təyyarələrini hədəfə götürüb, Penqaton ilk dəfə Suriyanın şimalında çoxlu sayda xüsusi təyinatlı birləşmələr yerləşdirdiyini etiraf edib, Türkiyə ilk dəfə Əsədin taleyi ilə bağlı yumşaq mövqe nümayiş etdirib. Vətəndaş müharibəsi başladıqdan sonra PKK-nın Suriya qanadı ölkənin şimalını faktiki olaraq nəzarətə götürüb, amma bu müddət ərzində İŞİD-in, müxalifətin, türkmənlərin başına bombalar yağdıran Suriya ordusu kürdlərin mövqelərinə bir dəfə belə zərbə endirməyib. Bəs indi Əsədin birdən-birə cəsarətlənməsinin səbəbi nədir? Tək səbəb ola bilər, Əsədi cəsarətlənməyə müttəfiqləri məcbur edir. Rusiya YPG bölgəsinə müdaxilə etmək istəmir, bu, ABŞ-la açıq hərbi qarşıdurma demək olardı. Bu səbəbdən öz istəyini Suriya ordusu vasitəsilə həyata keçirir. İstək bir səbəbdən doğa bilər. Moskva qarşı tərəfi təxribata çəkərək, Suriyada növbəti güc nümayişinə başlamaq istəyir. ABŞ-ın Əsəd hökumətinə Rusiya vasitəsilə göndərdiyi mesaj əslində elə Moskvaya ünvanlanan mesajdır. Mesaj mahiyyətcə ağırdır, ABŞ proseslərin bölgədə irimiqyaslı hərbi əməliyyata qədər gətirib çıxaracağına işarə vurur. Rusiyanın bu ssenariyə hazırlaşmasının ilk işartıları görünür, Moskva ballistik raketlərin uçuşu üçün İran və İraqın hava dəhlizi açmasına nail olub, bu gün artıq gəmilərdən Suriya ərazisinə üç raket zərbəsi endirib və ən nəhayət Türkiyədən İncirlik hava limanından istifadəyə icazə istəyir. Vaşinqton da müharibə ehtimalını, hərbi bazanın rusların istifadəsinə verilə biləcəyini ehtimalını nəzərə alaraq nüvə başlıqlarını İncirlik hərbi bazasından Rumıniyaya daşıyır. Suriyada üçüncü dünya müharibəsimi başlayır? Sualın cavabı yoxdur, olsa da mücərrəd məna daşıyacaq. Məlum olan odur ki, dünya yaxın zamanlarda yenə Suriyadan danışacaq.
Vüqar MƏSİMOĞLU
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 Avqust
229