Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səbail rayon qadınlarının növbəti IV konfransı keçirilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, tədbirdə rayonun sənaye, elm, təhsil, səhiyyə, mədəniyyət, hüquq-mühafizə, təsərrüfat və s. sahələrdə dövlət və bələdiyyə qurumlarında çalışan, ictimai birlik və təşkilatlarda fəaliyyət göstərən qadınlar iştirak edib. Konfranda çıxış edən Səbail RİH başçıəsı Asif Əsgərov bildirib ki, qadınların ölkəmizdə, cəmiyyətdə rolu çox əhəmiyyətlidir. Azərbaycanda qadına münasibət həmişə yüksək olub. Qadın anadır, həyat yoldaşıdır və həm də bəşəriyyətin yarıdan çoxunu təşkil edən varlıqdır: “Azərbaycan qadını XX əsrdən kişilərlə çiyin-çiyinə, bərabərhüquqlu vətəndaş kimi cəmiyyətdə çox fəal olub. Azərbaycan müstəqillik qazandıqdan sonra isə qadınlarımıza hörmət və diqqət daha da artıb. Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti bütün qadınlarımız üçün örnəkdir. Mehriban xanım Əliyevanın genişmiqyaslı və faydalı fəaliyyəti son dərəcədə təqdirəlayiqdir”.
Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova qeyd edib ki, Səbail rayonunda yaşayan əhalinin 51,2 %-ni qadınlar təşkil edir. İqtisadiyyatın müxtəlif sahələrində çalışanların 31,1 %-i qadınlardır. Rayonda müxtəlif sahələrdə çalışan qadınların 13,3 %-i təhsil, 8,1 %-i səhiyyə, 7,7 %-i mədəniyyət və incəsənət, 9,2 %-i rabitə, 11,5 %-i ticarət, 8 %-i dövlət idarəetməsində işləyirlər. 23 mindən çox üzvü olan YAP Səbail rayon təşkilatının 55,6 %-i qadınlardır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müstəqillik illərində qadınlarımızın cəmiyyətin bütün sahələrində qazandığı uğurlardan, Dövlət rəhbərliyi tərəfindən həyata keçirilən Ailə, Qadın və Uşaq siyasətindən, Səbail rayon qadınlarının fəaliyyətindən danışmış, Komitənin gördüyü işlər və qarşıda duran vəzifələri barədə məlumat verib.
Konfransda 1 saylı şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova, 132-134 saylı Təhsil Komplessinin direktoru Sara Xanlarova, 3 saylı musiqi məktəbinin direktoru Məhin Orucova və başqaları çıxış edərək qadınların cəmiyyətdəki rolundan danışıb. Konfransda Respublika Qadınlarının qurultayına 18 nəfər nümayəndə seçilib.