Milli Məclisdən APA-ya verilən məlumata görə, yeni hazırlanan “Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında” qanun layihəsi bir müddət əvvəl komitələrin iclaslarında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub. Layihənin parlamentin iyunun 21-i keçiriləcək plenar iclasında müzakirə çıxarılacağı gözlənilsə də, sənəd gündəliyə daxil edilməyib.
Azərbaycanda sahibkarların maraqlarını müdafiə edən və bununla bağlı təsdiq olunacaq qaydaları pozan məmurların cəzalandırılması ilə bağlı qanun layihəsinin müzakirəsinin təxirə düşməsinə səbəb kimi layihə ilə bağlı bəzi ziddiyyətli məqamların olması göstərilir.
Yeni qanun layihəsinin əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarını yaratmaq, həmçinin bu yoxlamalar zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaqdır. Sənəddə bildirilir ki, bu qanun layihəsinin tələblərinə uyğun olmayan yoxlamalar hüquqi qüvvəyə malik deyil. Qanun qəbul olunduğu təqdirdə Azərbaycanda müəyyən olunmuş müddətdən kənar, yaxud vəzifəsindən sui-istifadə edərək sahibkarları yoxlayan yoxlayıcı orqanın əməkdaşları inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Layihədə göstərilən risk qruplarına müvafiq olaraq təyin olunmuş vaxtdan kənar sahibkarları mexaniki və inzibati yanlışlıq üzündən yoxlayanlar inzibati məsuliyyətə, bilərəkdən, vəzifəsindən sui-istifadə edərək yoxlayanlar isə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Hər iki halda cəzaların dərəcəsi layihə müzakirəyə çıxarılan ərəfədə məlum olacaq, hazırda bununla bağlı müvafiq orqanlar tərəfindən verilən təkliflər üzərində iş gedir. Yeni qanuna əsasən, artıq bütün yoxlayıcı orqanlar bütün sahələrdə fəaliyyət göstərən sahibkarları istədikləri vaxt deyil, qanunla müəyyən edilmiş müvafiq vaxtlarda yoxlayacaq. Yeni qanunda yoxlamaların aparılması üçün vaxt təyin olunması ilə bağlı sahibkarlıq fəaliyyəti 3 risk - aşağı, orta və yüksək risk qruplarına bölünüb. Qeyri-yeyinti sənayesi sahəsində aşağı risk qrupuna aid olan sahibkarlıq subyektləri 3 ildən bir, orta risk qrupuna aid olanlar 2 ildən bir, yüksək risk qrupuna aid olanlar isə ildə bir dəfə yoxlanacaq. Yeyinti sahəsində isə aşağı risk qrupunda fəaliyyət göstərən sahibkarlıq subyektləri 2 ildən bir, orta risk qrupuna aid olanlar ildə bir dəfə, yüksək risk qrupuna aid olan sahibkarlıq subyektləri isə 6 aydan bir yoxlanacaq.
Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının iyunun 21-də keçiriləcək iclasının gündəliyinə isə 19 məsələ daxildir. Bura bir sıra hökumətlərarası sazişlər, Azərbaycan-Rusiya birgə demarkasiya haqqında əsasnamənin təsdiq edilməsi, bir sıra qanunlara əlavə və dəyişiklərin edilməsi daxildir.
Eyni zamanda Cinayət Prosessual Məcəlləyə, “Ölkədən getmək, ölkəyə gəlmək, pasportlar haqqında” qanuna, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna, “Yol hərəkatı haqqında” qanuna, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna da əlavə və dəyişiklər nəzərdə tutulub.