Azərbaycanda olan restoranların və şadlıq saraylarının adları monitorinq olunacaq. Lent.az-ın məlumatına görə, bunu filologiya elmləri doktoru, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova APA.TV-nin “Üç valet” verilişində deyib.
Onun sözlərinə görə, yeni yaranan restoranların, şirkətlərin adları ingiliscə yazılır: “Gözəl şadlıq sarayları tikilir. Saray yox, “palace” yazılır. Sanksiyalaşdırmaq mümkündürmü? Bununla bağlı monitorinqlər hazırlayırıq. Belə şəxslərin cəzalandırması üçün hüquqi yollar axtarılmalıdır. Yaxınlaşıb deyə bilmərik restoranın adını dəyiş. Bunlar qanun səviyyəsində həll olunmalıdır”.
S. Sadıqova bildirib ki, Azərbaycanda dilçiliyin inkişafı ilə bağlı geniş dövlət proqramı qəbul olunub. Bununla əlaqədar olaraq Dilçilik İnstitutunda yeni monitorinq şöbəsi yaranıb: “Bu şöbə işini dövlət proqramı çərçivəsində qurur. Biz icra hakimiyyətlərinə problemlərin həlli yolunda tövsiyələrimizi veririk. İcra etmək isə onların işidir”.