Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş nadir tarixi şəxsiyyət, fenomenal siyasi xadim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər Azərbaycanın müstəqil demokratik bir dövlət, cəmiyyətimizin tam demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olmasına təkan verdi.
Ulu öndər Heydər Əliyev prezident seçildikdən sonra - dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq,dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaradılmasını qarşıda duran vəzifələr kimi irəli sürmüşdür. Hələ ulu öndər 1993-cü ildə prezident seçkiləri ərəfəsində öz proqramında bəyan etmişdi ki, “Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək”.
Azərbaycan Konstitusiyasının qəbul edildiyi ərəfədə ölkədə konstitusiya qəbulu üçün əlverişli şərait yox idi. Dövlət çevrilişi cəhdləri ara vermirdi. Vətəndaş müharibəsi təhlükəsi hələ sovuşmamışdı. Konstitusiyanın uğurunu şərtləndirən yeganə amil məhz Heydər Əliyev şəxsiyyəti, onun tərəfindən idarə olunması idi.
1995-ci il may ayının 2-də Azərbaycan respublikasının Milli Məclisi yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi. Heydər Əliyevin sədr olduğu komissiyanın ilk iclasında dövlət başçısı tərəfindən qəbul ediləcək konstitusiyanın parametrləri açıqlandı. Dövlət başçısı qeyd etdi ki, “ ... Biz elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır”.
Heydər Əliyev məhz qarşıdakı nəsilləri düşündüyü üçün özündən sonra xalqına fəaliyyəti uzun illərə hesablanmış belə bir Konstitusiya miras qoymuşdur. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası demokratik, dünyəvi, hüquqi və unitar respublika kimi dövlət mexanizminin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək: “Bu Konstitusiyanın əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının toxunulmazlığını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyinin, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir".
Dövlətin suveren bir təsisat olaraq mövcudluğunun hüquqi əsaslarını müəyyənləşdirən Konstitusiya Azərbaycanın hüquqi-siyasi inkişafına təkan verməklə yanaşı, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları da sürətləndirmiş oldu.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı