2013-2014-cü tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən rus bölməsi abituriyentlərinə Azərbaycan dili imtahanının ikinci mərhələsinə buraxılış vərəqələrinin verilməsinə başlanılıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, imtahanın ikinci mərhələsi iyunun 23-də Bakıda keçiriləcək.
TQDK həmçinin ali məktəblərin magistratura səviyyəsinin ikinci mərhələsi üzrə qəbul imtahanına da buraxılış vərəqələrini verməyə başlayıb.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. Qeyd edək ki, Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.
Magistraturaya qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb.