“Mən öz ailəmlə xoşbəxtəm. Yaxşı ki, övladlarım var və onlar sözümə baxırlar. Nələrsə cızığından çıxanda əsəbiləşirəm. Amma hər şey yolunda olanda özümü çox xoşbəxt hiss edirəm”- bu sözləri müğənni Roza Zərgərli APA TV-nin “Kimsən sən” verilişində qonaq olan zaman deyib.
İfaçı övladlarının suallarını cavablandırarkən sənətindən ağızdolusu danışıb: “Bu, mənim hobbim deyil, sənətimdir. Hobbi olsaydı daha çox vaxtı evdə keçirərdim. Mən 6 yaşımda hazırlığa getmişəm. Artıq 2-ci sinifdə anam məni musiqi məktəbinə yerləşdirib. Fortepianonu çox sevirdim. Bu alətdə ifa etməyi öyrənmək istəyirdim. Amma bu istəyim alınmadı. Çünki mənim 8 yaşım var idi. Bu musiqi alətini öyrənməyə isə 7 yaşından başlamalı idin. Məhz buna görə mənim bu xəyalım puç oldu. Sonra ifaçı bünövrəmi akkordeon alətində qurmağa başladım. Mən həmçinin Gəncədə Musiqili Texnimkomunu da bitirmişəm. Ardınca isə Milli Konservatoriyada təhsil almışam. Ardınca Mədəniyyət və İncəsənət Universitetində oxumuşam. Bu da mənim 6 yaşından başladığım koryeram”.
Müğənniliklə yanaşı, aparıcı, rejissor və aktrisalıq sənətinə də sahiblənən Roza Zərgərli, görəsən, sadalanın bacarıqlardan hansını daha çox sevir? Bu sualın cavabını ifaçının özündən eşidək: “Aktyorun bir neçə işi var. O, ifa etməyi bacarmalıdır, rejissoru anlamalıdır. Yaxşı rejissor da yaxşı aktyor olmalıdır. Aktyorluq, rejissorluq və ifaçılıq bir-birilərinə çox yaxın və bağlı peşələrdir. Bu peşələrdən birini yaxşı bilirsənsə, digəri də alınacaq. Bu peşələrin içində nəfəs aldığım, çox sevdiyim və bacardığım rejissorluqdur. Amma ifaçılıq mənim üçün başqa bir aləmdir. Bu işdə özümü təqdim, izah edə bilirəm. Musiqini hər kəs eşidir. Bunu duya bilən adamlar çoxdur. Çirkin insanlar isə eşidə bilmirlər. Aktrisalıqda isə az-çox qüsurlarım var. Bu işdə mütləq tərəf müqabilim mənimlə birgə oynamalıdır. Əgər o insanı bəyənmədimsə, xətrini çox istəmədimsə, çəkilə bilməyəcəyəm. Düzdür, aktrisalığımı bəyənənlər var. Ancaq istəyərdim ki, bu işim daha da mükəmməl olsun”.
Roza xanım bir çox hallarda ifaçılıq sənətindən uzaqlaşmaq istəyib: “O qədər bezdiyim zamanlar olub ki. Çünki bu sahə çox çətin işdir. Amma hansı sənəti seçirsənsə seç, heç kim zəmanət vermir ki, bu, həmişə rahat olacaq. Müəyyən zamanlarda sənətindən bezənlər ola bilir. Gün ərzində rastlaşdığın insanların hamısı düzgün deyil axı. Bəziləri yalançıdır, saxtadır. Elə adamlar var ki, bu sahəyə aidiyyətləri belə yoxdur. Onlar sənətə təsadüfən gəlib düşüblər. Və bu adamların hər biri ilə bacarmaq lazımdır. Həm də bizim müğənnilərin elə bir şəraiti yoxdur ki, yalnız ifa haqqında fikirləşsinlər. Əksər hallarda müğənni özü düşünür nə etmək lazımdır. Repertuarı, geyimi, təşkilatçılıq işləri, piarı, xərçi, ümumiyyətlə, hər şeyi özün fikirləşməlisən. Ancaq ifası ilə məşğul olan müğənnilər demək olar ki, yoxdur. Azərbaycanda müğənnilər hər bir işi özləri edir. Məhz buna görə bir gün elə bir yerə gəlib çıxırsan ki, bezirsən hər şeydən”.
İfaçı xanım sevdiyi yazıçıdan, əsərdən, ifaçı və mahnıdan da danışıb: “Mən bir çox xarici yazarların adını çəkə bilərəm. Amma bizim Nizami var ikən, niyə uzağa getməliyəm ki? Mən valideynlərimlə Azərbaycana köçəndə heç bir yazıçımızı tanımırdım. Musiqi məktəbinə gedəndə yoldan qəzet parçasında Nizaminin şeirini tapdım. Onun haqda məlumat öyrənməyə başladım. Azərbaycan dilində ifa etdiyim ilk əsər Füzulinin Kantatası olub. Amma bu gün xarici ifaçılardan gənclərə daha çox üstünlük verirəm. Məsələn, indi dinlədiyim Kristina Agileranı uşaqlarım da sevir. Amma klassiklərdən Şubertə üstünlük verirəm. Şubert bir çox dahi bəstəkarlardan sonra doğulub və onların hamısından daha qəliz və maraqlıdır".
Qonağımız yalançı insanları sevmədiyini xüsusilə vurğuladı: “Mənim qəlbimə toxunmaq üçün yalan danışmaq lazımdır. Yalandan sonra o adamın annotasiyasının qarşısında bir sual işarəsi qoyuram”.
Xatirələrindən söz açan müğənni 15 yaşını təkrar yaşamaq istəyini də dilə gətirdi: “Çox istəyərdim ki, yenidən 15 yaşımda olum. Həyatımı tam başqa cür qurardım. Amma tam keçmişə qayıtmaq istəyim harada yox olur? Ola bilsin ki, keçmişə qayıdıb təkrar yaşasaydım, o həyatımda övladlarım olmazdı. Bax bunu düşünəndə keçmişə dönmək istəmirəm”.
Roza xanım özündən başqa Azərbaycan səhnəsində sənət idealı kimi Şövkət Ələkbərovanı görür: “Mənim bu sənətdə özünə, şəxsiyyətinə, zahiri görünüşünə və sənətinə hörmət etdiyim korifey Şövkət Ələkbərovadır”.
Roza Zərgərli: "Çirkin insanlar musiqini eşidə bilmirlər"
731