2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdirilib.
İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən namizədlərdən 504 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 431 nəfər Azərbaycan bölməsinin, 73 nəfər isə rus bölməsinin namizədidir.
Plan yerlərinin sayı və namizədlərin imtahandakı nəticələri nəzərə alınaraq, Sosial gigiyena və səhiyyənin təşkili, Gigiyena, Mikrobiologiya, Laboratoriya işi, Genetika və Epidemiologiya ixtisaslarını, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsinin ixtisaslarını seçmək üçün tələb olunan müsabiqə şərtləri baza fənləri üzrə 35 bala, ixtisas fənləri üzrə isə 45 bala endirilib, digər ixtisaslar üçün isə müsabiqə şərtləri baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə isə 50 bal tələbi dəyişməyib.
Rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 23-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Hərbi tibb fakültəsinin rezidenturasına qəbul olanlar göstərilən müddətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbul olanlar isə həmin müddətdə universitetin tibb fakültəsində qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.