Azərbaycanda 2013-2014-cü tədris ili üçün rezidenturaya sənəd qəbulunun vaxtı açıqlandı. Lent.az-ın məlumatına görə, TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, rezidenturaya sənəd qəbulu avqustun 14-dən 23-dək aparılacaq.
Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (namizədlər) malikdirlər. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın virtual ödəmə kartı"ndan (iş nömrəsindən və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerez) daxil olmalı və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurulmalıdır. Namizəd virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətindən istifadə etməklə əldə edə bilər.
Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirilməlidir.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi 2013-cü il sentyabrın 9-da, ikinci mərhələsi 2013-cü il sentyabrın 10-da keçiriləcək.
Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.
Qeyd edək ki, TQDK tərəfindən “Rezidentura” jurnalının 2-ci sayı nəşr olunub.