Qobustan-Poladlı avtomobil yolu yenidən qurulub
Ölkə boyu yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində Qobustan-Poladlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşıb. Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindənbildirilib.
Məlumata görə, Qobustan-Poladlı avtomobil yolunun uzunluğu 14.5 km və 4-cü texniki dərəcəlidir. Əvvəllər yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildir. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla bütün yolda yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır.
Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu 125 min kub.m həcmdə qazılaraq çıxarılırb. əvəzinə yararlı material tökülərək kipləşdirilib, 49 min kub.m həcmdə çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunub.
Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 154 min kv.m sahədə yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyü döşənib. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kv.m sahəni əhatə edib.
Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni boru quraşdırılıb. Layihə çərçivəsində çiyinlərin 58 min kv.m sahədə optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin 12 ədəd giriş-çıxış yolunun təmiri işləri də aparılıb.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün sadalanan yol boyu 72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 km göstəricisi, 580 ədəd siqnal dirəkləri quraşdırılıb.
Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edib, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan yaradıb. Avtomobil yolu 5 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
491