Millət vəkili Qənirə Paşayeva Novruz bayramında Tovuzun şəhid ailələri ilə görüşüb.
Lent.az-ın məlumatına görə, rayonun şəhid ailələrini bayram münasibətilə təbrik edən millət vəkili bu bayramda onlarla birlikdə olmağı özünə borc bildiyini vurğulayıb.
Ermənistanla ön cəbhədə yerləşən Tovuzda 300-ə yaxış şəhid ailəsi olduğunu deyən Q.Paşayeva gələn Novruz bayramını işğal olunmuş torpaqlarda qeyd etməyi arzulayıb və bildirib ki, yalnız o vaxt şəhidlərin ruhu sakitlik tapacaq.
Görüşdə Tovuz rayon icra hakimiyyəti başçısının müavini Mahir Həsənov, rayonu fəal xanımlarından Sürəyya İsmayılova da çıxış edərək şəhid ailələrini təbrik ediblər.
Həmçinin TUSİAB-ın rəsmi nümayəndəsi Səlcuk Düzgün çıxışında “Azərbaycanın şəhidi Türkiyənin, Türkiyənin şəhidi isə Azərbaycanın şəhididir”, deyə bildirib.
Sonda bütün şəhid ailələrinə bayram hədiyyələri təqdim edilib. Tədbirin sonunda millət vəkili bir çox şəhid ailələrini dinləyərək onların qayğı və problemləri ilə də maraqlanıb və həlli istiqamətində lazımi dəstək göstərəcəyini deyib.