Milli Məclisin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Sakaryaya səfəri zamanı Sakarya valisi Hüseyn Avni Coşla görüşüb. Lent.az-ın məlumatına görə, Sakarya Universitetində təhsil alan 470-dən çox azərbaycanlı tələbəni birləşdirən Öyrənci Topluluğunun rəhbərinin və üzvlərinin də iştirak etdiyi görüşdə millət vəkili Türkiyədə yaşanan son terror olaylarına da toxunub: "Türkiyənin acısı acımız, üzüntüsü üzüntümüzdür. Biz də bu hadisələrdən çox narahatıq və çox üzüldük. Allahdan şəhid olanlara rəhmət, yaralılara şəfa diləyirik. Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə, o cümlədən terrorla mübarizədə hər zaman qardaş Türkiyənin yanındadır”.
Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Dağlıq Qarabağ və tarixi həqiqətlərdən də danışıb: “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb”. O, Sakarya valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib.
Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində Sakaryanın da yer alacağını bildirib. Q. Paşayeva Sakarya valisi Hüseyn Avni Coşu ölkəmizə dəvət edib. Sakarya valisi Hüseyn Avni Coş da öz növbəsində millət vəkili Qənirə Paşayeva ilə görüşdən məmnunluğunu bildirib.
Q. Paşayeva görüşdə Sakaryada təhsil alan azərbaycanlı tələbələri valiyə təqdim edərək onların bəzi məsələlərinə diqqət göstərilməsini xahiş edib. Görüşün sonunda Qənirə Paşayeva Sakarya valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu təqdim edib.