Millət vəkili Qənirə Paşayeva, TUSİAB-ın və Tekfen şirkətinin rəsmi nümayəndələri Ramazan ayı və qarşıdan gələn bayram münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onları hədiyyələrlə təbrik ediblər. Lent.az-ın məlumatına görə, əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili onları Azərbaycan Silahlı Qüvvələri Günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. O, deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn il Ramazan bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Şuşamızda və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək. Mən əminəm ki, biz bunu edəcəyik”.
TUSİAB-ın sədri Yavuz Keleş ön cəbhədə hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu və bu tədbirin önəmli olduğunu qeyd edib.
Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə millət vəkili Qənirə Paşayeva və qonaqlar adından hədiyyələr təqdim edilib. Hərbi hissənin rəhbərliyi və Q. Paşayeva, Yavuz Keleşe Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər.
Azərbaycan əsgərinin formasını geyinən Y. Keleş bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanında olduğunu, onun bir əsgəri və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyduğunu deyib.
Hərbi hissənin rəhbərliyi çıxış edərək belə görüşlərin zabit və əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.