Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Niğdeyə səfəri zamanı Niğde valisi Necmeddin Kılıçla görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili vali ilə söhbət zamanı Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb.
Qənirə Paşayeva Niğde valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikcə genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Niğdenin də yer alacağını bildirib və valini Azərbaycana dəvət edib.
Millət vəkili görüşdə Niğdedə təhsil alan azərbaycanlı tələbələr barədə valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Nigde valisinə özünün müəllifi olduğu kitablarla yanaşı,Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, materialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.